Şakir Ağayev: “Vəzifədən çıxarılmış məmurların mətbuata deməyə sözləri yoxdur”
Vəzifəsini itirən yüksək vəzifəli məmurlar nədənsə mətbuatın onlara ünvanladıqları suallara cavab verməkdən yayınırlar. Məsələn, fövqaladə hallar nazirinin üç müavini-general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev vəzifədən çıxarılaraq təqaüdə göndərildilər, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vəzifəsini itirdi. Maraqlıdır ki, media nümayəndələri onlarla danışmağa cəhdlər etsələr də, ancaq heç biri vəzifədən hansı səbəbdən uzaqlaşdırıldıqlarına, niyə vurulduqlarına təfsilatlı bir izah vermək istəmirlər. “Mən bu barədə danışmaq istəmirəm” deyirlər əsasən.
Vurulmuş məmurlar mətbuata niyə danışmaq istəmirlər? Vəzifədən çıxarılmaqlarının səbəbi özlərinə də aydın deyil, yoxsa vəzifədə vurulmaqlarının səbəblərini açıb ağartmaq istəmirlər?
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev baki-xeber.com-a bunlar vəzifədə olanda heç mətbuatın suallarına cavab vermirdilər, vəzifədən çıxarılandan sonra da. “Vəzifədə olanda ittihamlarla üzləşirdilər, vəzifədən çıxandan sonra da. Çox təəssüflər olsun ki, belə məmurlar özlərini rəhbərlik etdikləri sahənin sahibi hesab edirdilər. Elə düşünürdülər ki, bu vəzifədə əbədidilər, nə istəsələr edə bilərlər, dövlət də bunların etdiyinə də göz yumacaq. Bununla bağlı neçə-neçə nümunələr olub və belə məmurlar cəzalandırılıb. Bundan isə digərləri nəticə çıxarmırlar. Bu adamlar vəzifədə olanda da onlarla bağlı ittihamlar irəli sürülürdü, mətbuatda barələrində tənqidi yazılar gedirdi. O vaxt da mətbuatda yazılanlara reaksiya vermirdilər, mətbuat xidmətləri vasitəsilə yalan da olsa yaxşı işlərdən məlumat verdirdilər. Onlar vəzifədən çıxandan sonra onlara qarşı iradların haqlı olduğu görsəndi. Təsdqiləndi ki, mətbuat düz yazırmış. İndi onlar mətbuata nə deyəcəklər? Vəzifədən çıxarılmış məmurların mətbuata deməyə sözləri yoxdur. Çünki yeyinti və korrupsiyaya hallarına yol veriblər, vəzifədə olduqları dövrdə büdcəni talayıblar, onlara etibar edilən vəzifədə özlərini doğrultmayıblar. Bu baxımdan, danışsalar gərək hər şeyi etiraf etsinlər, bunu da etmək istəmirlər”.
Şakir Ağayev hesab edir ki, bu adamlar mətbuatın doğru yazdığını etiraf edə bilməzlər. “Nə deyəcəklər? Deyəcəklər ki, bunlar hamısı olub, mətbuat düz yazır? Ona görə də danışmaq istəmirlər, suallardan yayınırlar. Dediyim kimi, onlara göstərilən etimadı qırıblar, büdcəni talayıb xalqın pulunu mənimsəyiblər”-deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA