Məhəmməd Əsədullazadə: “Danışıqlarda İranın istəyi odur ki, ABŞ bu ölkəyə qarşı alçaldıcı şərtləri bir qədər yumşaltsın”
İran nüvə danışıqları çərçivəsində ABŞ-a böyük iqtisadi razılaşma təklif edib. Tehran sanksiyaların ləğvi müqabilində neft-qaz yataqlarına və aviasiya bazarına çıxışı açmağa hazırdır.
İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə direktor müavini Həmid Qənbəri bəyan edib ki, gələcək razılaşmanın uzunömürlülüyünü təmin etmək üçün ABŞ həm də yüksək və tez gəlir gətirən sahələrdə birbaşa iqtisadi fayda əldə etməlidir: “Danışıqlara neft və qaz yataqlarında ortaq maraqlar, birgə yataqlar, mədən sənayesinə investisiyalar və hətta təyyarələrin alınması da daxildir”.
Bu arada Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başlayıb.
İrandan ABŞ-a belə gözlənilməz təklif nədən xəbər verir? Sanki neft-qaz müqabilində İran kompromis variant axtarır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, İran ətrafında qeyri-müəyyənlik uzandıqca, molla rejimi daxilində gərginlik artır: “Tehran Birləşmiş Ştatlarla danışıqlarda sərt mövqe sərgiləsə də əslində çox çətin vəziyyətdədir. Yaxşı bilir ki, sabah ABŞ bu ölkəni vursa nə Çin, nə də Rusiya birbaşa bu ölkənin yanında yer almayacaq. Suriyada, Venesuelada baş verənləri bütün dünya gördü. Üstəlik, İranda iqtisadi vəziyyət çox pisdir. Növbəti genişmiqyaslı zərbə olsa, İran bunu qaldıra bilməyəcək. İran hakimiyyəti də bunu yaxşı bilir. Ona görə də həm öz sifətlərini saxlamaq istəyirlər, həm də ABŞ-la anlaşmaq istəyirlər. Ancaq bunları bir arada tutmaq çətindir. Onu da yaxşı bilirlər ki, ABŞ bir belə donanmanı, təyyarə eskadriliyalarını körfəzə yığırsa, bunun mütləq bir nəticəsi olacaq. Danışıqlarda İranın istəyi odur ki, ABŞ bu ölkəyə qarşı alçaldıcı şərtləri bir qədər yumuşaltsın. Fikrimcə, Tramp buna getsə, hansısa anlaşma əldə edilə bilər. Neft-qaz sektoruna ABŞ daxil ola bilər. Reallıq odur ki, sanksiyalar qalır, iqtisadi yük İranın üzərində artır, daxili narazılıq dərinləşir. Belə bir çətin vəziyyətdə Tehran seçim qarşısında qalır. Tramp tələsmir və hesab edir ki, zaman onun xeyrinə işləyir. Ya İran güzəştə gedəcək, ya da daha zəif mövqedən danışıqlar masasına qayıdacaq. Bu baxımdan, imitasiya təsiri yaradan dialoq əslində strateji səbir və aşındırma siyasətinin tərkib hissəsidir”.
Vidadi ORDAHALLI