Arzuxan Əlizadə: “İki ölkə arasında bu cür etibarlı münasibətlərin kökündə bir sıra amillər dayanır”
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkə arasında qarşılıqlı səfərlərlə bağlı önəmli məqamlara toxunub:
“Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm”.
Maraqlıdır, Serbiyanın Azərbaycan üçün indiki dönəmdə önəmi artmış kimi görünür. Prezident də çıxışında bunu vurğuladı. Prezidentin toxunduğu məqamların fonunda, Azərbaycan üçün Serbiyanın önəmi əvvəlkindən də xeyli artdığı görünür. İndiki beynəlxalq münasibətlər şəraitində Avropa İttifaqı içində gedən proseslər, Avropa ilə ABŞ-ın münasibətləri və s. məsələlər konteksində Serbiyanın Azərbaycan üçün daha maraqlı bir ölkəyə çevrilməsi həqiqətdirmi? Və bunun nə kimi özəllikləri var?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, Azərbaycanla Serbiya arasında bu cür etibarlı münasibətlərin kökündə bir sıra amillər dayanır: “Əvvəla, ondan başlayaq, Azərbaycan və Serbiya beynəlxalq münasibətlər sistemində bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz dəstəkləyən nadir tərəfdaşlardandır. Bu səfər rəsmi Bakı və Belqradın münasibətlərini ənənəvi ticarət çərçivəsindən çıxararaq, daha geniş və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətini sübut etdi. Qarabağ məsələsində Serbiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyıb. Kosova məsələsində də Azərbaycan Serbiyaya münasibətdə analoji mövqedən çıxış edir. Serbiya xristian dövləti olsa da, Rusiya ilə ənənəvi münasibətlərə malik olsa da heç vaxt hansısa formada erməni separatizmini himayə etməyib. Bəzi Avropa dövlətləri kimi, erməni separatizminə ikibaşlı mövqedən yanaşmayıb. Fikrimcə, iki ölkə arasında etibarlı tərəfdaşlığın kökündə dayanan əsas amillərdən biri budur. Serbiya Avropa İttifaqının üzvü deyil. Bir sıra Avropa dövlətləri Qarabağ məsələsini bəhanə edərək Azərbaycana silah satmırdı. Serbiya isə bir sıra silah növlərini Azərbaycana ixrac edir. SSRİ-nin süqutundan sonra Şərqi Avropa ölkələrinin əksəriyyəti sovet hərbi sənaye kompleksindən imtina etdi. Lakin Serbiya bunu etmədi. Həmin silah-sursat məhsullarının istehsalını davam etdirdi. Həmçinin bu məhsullarını uğurlu modernləşdirdi. Bu gün Serbiya müdafiə sənayesi kompleksi Qərb texnologiyalarını mənimsəyə bilib. Azərbaycan Serbiya istehsalı olan müasir artilleriya sistemləri alır. Azərbaycan Serbiyaya qaz ixrac edir. İxracın daha da artacağı gözlənilir. Azərbaycan şirkətləri Serbiyada bir sıra yol tikintisi ilə bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Üstəlik razılıq əldə edilib ki, Azərbaycan Serbiyada elektrik stansiyası tikəcək. Bu il digər birgə layihələrin olacağı gözlənilir. Ona görə də təmasların artacağı gözlənilir”.
Vidadi ORDAHALLI