Fuad İbrahimov: “Nəql, kommunikasiya, dəhlizlərdə olan infrastrukturu nəzərə alsaq ABŞ burda bir payçıya çevrilir”
Azərbaycanla ABŞ arasında fevralın 10-da Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı Azərbaycan tərəfindən Prezident İlham Əliyev, ABŞ tərəfindən isə vitse-prezident Cey Di Vens imzalayıblar.
Sənədə əsasən, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər.
Bu, o demək ola bilərmi ki, Azərbaycandan Ermənistana neft və qaz xətləri çəkiləcək?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov məsələyə bir neçə prizmadan yanaşdı: “Həm imzalanmış tərəfdaşlıq haqqında sənədlər, eyni zamanda işin elə siyasəti ondan ibarətdir ki, çoxşaxəli əməkdaşlıq qurulsun. Məsələn, Zəngəzur dəhlizi açılanda burada yalnız dəmir yolu nəzərdə tutulmur. Həm də dəmir yollarının açılması, elektrik xətlərinin, qaz kəmərlərinin oradan keçməsi nəzərdə tutulur. Yəni perspektivdə çoxsaylı yollar və enerji xətlərindən söhbət gedir. Hesab edirəm ki, bu istiqamətdə dəhlizlər mütləq şəkildə dəyərləndiriləcək və istifadə olunacaq. ABŞ-ın interkonnektor layihələrə önəm verməsi onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar o qəbildən olan layihələrin artıq iştirakçısına çevrilməklə bir payçı olur. Çünki nəql, kommunikasiya, dəhlizlərdə olan infrastrukturu nəzərə alsaq ABŞ burda bir payçıya çevrilir. Xüsusən Tramp hakimiyyəti bu kimi layihələrə xüsusi önəm verir. Birləşmiş Ştatlar istəyir ki, Avropa enerji və nəqliyyat sarıdan Rusiyadan daha az asılı olsun. Bunun üçün də ən əlverişli həlqə Cənubi Qafqazdır. Belə bir strateji regionda ABŞ-ın var olması, siyasi, iqtisadi dəstək verməsi önəmli məqamdır. Nəzərə almaq lazımdır ki, ABŞ həm də Mərkəzi Asiyada maraqlarını təmin etmək istəyir. Bu da Cənubi Qafqaz olmadan mümkün deyil. Çünki həmin regionun şimalında Rusiya, Şərqində Çin, cənubunda Əfqanıstanla İran yerləşir. Onların da ABŞ-a olan münasibəti bəllidir. Bu baxımdan yeganə optimal yol Cənubi Qafqazdan keçir. Hesab edirəm ki, ABŞ-la tərəfdaşlıq Azərbaycana uğur gətirəcək”.
Vidadi ORDAHALLI