Məhərrəm Zülfüqarlı: “İƏT, ƏDL daha çox iqtisadi və mədəni əməkdaşlığa önəm verir və siyasi çəkiləri yox səviyyəsindədir”
Məlum olduğu kimi, ABŞ İran ətrafına böyük hərbi qüvvə toplayıb. Hər keçən gün İranın vurulma ehtimalı artır. İran böyük dövlət olduğu üçün oranın vurulması region dövlətlərinə təsirsiz ötüşməyəcək.
Ancaq İranın vurulmasına münasibətdə ərəb ölkələrində parçalanma hökm sürür. Məsələn, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşıdırlar. Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Qətər isə İranın vurulmasının tərəfdarıdır və hər cürə dəstək verəcəklərini bəyan ediblər. Ərəb ölkələrinin timsalında belə parçalanma Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumların gələcəyi ilə bağlı düşünmək üçün bir əsas yaradırmı? Bu necə İslam ölkələrinin birləşdiyi təşkilatdırlar ki, hərəsindən bir avaz gəlir? İrana münasibətdə islam, ərəb ölkələrinin belə parçalanması nə deməkdir? İordaniya kimi balaca və zəngin olmayan ərəb dövləti İranın vurulmasını birmənalı dəstəkləyir. Bundan əvvəl də, ötən ilin iyununda İranın bombalanmasını İordaniya bilavasitə dəstəkləyib. Həmin dövrdə İranın İsrailə atdığı raketlər İordaniya üzərində vurulurdu. Bütün bunların fonunda, İƏT-in, ƏDL-in gələcəyi necə görünür? Əgər bunlar müsəlman ölkələrinə təcavüzlə bağlı vahid mövqe sərgiləyə bilmirsə, bu təşkilatların gələcəyi necə olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, 1979-cu ilin fevralında şah rejimi devriləndən sonra İran məsələsi daim aktual olub: “Məhz bundan sonra Qərbdə İran İslam Respublikasına münasibət mənfi olub. Xüsusən də ABŞ-da. Belə böhranlar yarananda hər bir dövlət öz münasibətini bildirir. 2007-ci ildə buna bənzər böhran var idi və ABŞ-ın İrana hücumu gözlənilirdi. Belə iddia edilirdi ki, Azərbaycan ərazisindən də istifadə ediləcək. O zaman Prezident İlham Əliyev konkret şəkildə izah etdi ki, Azərbaycan buna imkan verməyəcək. Demişdi ki, kimin kimləsə ədavəti varsa, onun həll yolu Azərbaycan deyil, biz yalnız iqtisadi, mədəni əməkdaşlığa hazırıq. İndi də Azərbaycanın mövqeyi dəyişilməzdir. Nəzərə almaq lazımdır ki, İranda 40 milyonadək soydaşımız yaşayır. ABŞ istəyir ki, İranda rejim dəyişsin və bu ölkə yenidən Vaşinqtonun nüfuz dairəsində olsun. İslam ölkələrində parçalanma ilk İsrail-Ərəb müharibəsindən sonra yarandı. Həmin müharibədə ərəblər məğlub oldu. Həmin dövrdə müsəlman ölkələrin bir hissəsi İsraillə əməkdaşlığa getdi. İndi də ərəb dövlətlərinin bir hissəsi ABŞ və İsraillə əməkdaşlıq edir. Söhbət Misir, İordaniya, BƏƏ, Qətər və digər dövlətlərdən gedir. Ərəb dövlətlərinin əksəriyyəti sünni məzhəbinə aiddir. Ancaq siyasi məsələ elədir ki, hər bir dövlətin öz marağı var. İƏT, ƏDL və digər bu kimi qurumlar daha çox iqtisadi və mədəni əməkdaşlığa önəm verir. Bu təşkilatların siyasi çəkisi yox səviyyəsindədir. Siyasi olaraq ABŞ və İsraillə yaxın olan ərəb dövlətləri İrana düşmən münasibəti bəsləyir. Məsələ ondadır ki, Misir, İordaniya hər il ABŞ-dan bir neçə milyard dollar maliyyə yardımı alırlar. Əsasən bu səbəbdən belə parçalanma var. İndi İran xaric İsrailə qarşı radikal mövqedən çıxış edən müsəlman dövləti qalmayıb. Söhbət əsasən ərəb dövlətlərindən gedir. Başqa bir tərəfdən bəzi ərəb dövlətləri İranın regional ambisiyalarını qəbul etmirlər. Parçalanma həm də bununla əlaqədardır”.
Vidadi ORDAHALLI