Azər Həsrət: “Prezident Tramp da məhz doğrunun yanındadır”
Birləşmiş Ştatlardakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən Prezident İlham Əliyev artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib:
“Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması, ikincisi, ABŞ-da Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçı Azər Həsrət hesab edir ki, 907-ci düzəlişin ləğvi ilə bağlı vəziyyət dəyişib: “İndi vəziyyət doğurdan da dəyişib. Birincisi, həm müharibə başa çatıb, həm işğal faktı aradan qalxıb. Azərbaycanla Ermənistan arasında kommunikasiyalar açılır. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı hər hansı iddiası yoxdur. Yəni Ermənistan şikayətçi deyil. İkincisi, ABŞ-da yeni administrasiya hakimiyyətdədir. İki ölkə münasibətlərinə ədalətli yanaşması ilə diqqət çəkən Prezident Tramp da məhz doğrunun yanındadır. Yəni o da artıq dərk edir, görür ki, 907-ci düzəliş ədalətsizdir və bu səbəbdən ləğv edilməlidir. Ona görə də artıq bununla bağlı Konqresə rəsmi təklif verilib. Belə bir şəraitdə bədnam düzəliş qüvvədə qala bilməz və birdəfəlik ləğv edilməlidir”.
Vidadi ORDAHALLI