Azərbaycan mediası qarşısında yeni vəzifələr qoyuldu...

Vasif Həsənli: “Jurnalistlər özlərini daim təkmilləşdirməli, beynəlxalq təcrübəni və texnoloji yenilikləri mənimsəməlidirlər”
Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb. Müraciətdə bir sıra məsələlərə toxunulub.
O cümlədən qeyd edilib ki, Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, zəmanənin qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərib, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib: “Bu gün artıq fəxrlə deyə bilərik ki, bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçmişdir. Əlamətdar haldır ki, budəfəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda qeyd edir. Bu gün Azərbaycan Respublikası tam müstəqil xarici siyasət yürüdən, regionun siyasi və iqtisadi mərkəzi statusunu qazanmış, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir”.
Qeyd etdiyimiz kimi, müraciətdə bir sıra məqamlara toxunulub. Maraqlıdır, Prezident indiki dövrdə medianın qarşısına hansı vəzifələri qoyub?
“Sosial şəbəkələrdə və digər platformalarda yayılan feyk xəbərləri vaxtında ayırd etməyi bacarmalı və faktlara əsaslanan məlumatlarla çıxış etməlidir”
Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezidentin Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə ünvanladığı müraciətdə müasir medianın üzərinə düşən bir sıra mühüm vəzifələr xüsusi olaraq vurğulandı: “Ölkə başçısının müraciətində yeni dövrün reallıqları kontekstində medianın qarşısına qoyduğu əsas vəzifələr sadalandı. Şübhəsiz ki, burada milli maraqların qorunması, dezinformasiyaya qarşı mübarizə, cəmiyyətin düzgün maarifləndirilməsi və formalaşdırılması, peşəkarlıq və məsuliyyət, media islahatlarının dəstəklənməsi, dövlət və cəmiyyət arasında körpü rolunun gücləndirilməsi və s. bu kimi məsələlər prioritet təşkil edir. Cənab Prezidentin müraciətində media nümayəndələrinin müasir çağırışlara cavab verməsi, informasiya təhlükəsizliyi, milli-mənəvi dəyərlərin qorunması və ictimai şüurun formalaşdırılmasında fəal rol almaları xüsusi vurğulanır. Bu yanaşma mediamızın yalnız xəbər daşıyıcısı deyil, həm də strateji ictimai institut kimi önəmini irəli sürür. Hesab edirəm ki, dövlət başçısının bu tövsiyələrindən irəli gələrək, jurnalistlərimiz hər zaman cəmiyyətə dəqiq, obyektiv və maarifləndirici informasiya təqdim etməlidir. Eyni zamanda, sosial şəbəkələrdə və digər platformalarda yayılan feyk xəbərləri vaxtında ayırd etməyi bacarmalı və faktlara əsaslanan məlumatlarla çıxış etməlidir. Ümumiyyətlə, təsdiqlənməmiş, şayiə xarakterli məlumatlardan istifadə jurnalistlərə və media subyektlərinə qarşı inamsızlıq yaradır. Bu baxımdan da jurnalistlər özlərini daim təkmilləşdirməli, beynəlxalq təcrübəni və texnoloji yenilikləri mənimsəməlidirlər”.
Günel CƏLİLOVA