Trampdan Obamaya şok ittiham - çevriliş cəhdində əli olub, mühakimə olunmalıdır...

ABŞ prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada ABŞ-ın keçmiş prezidenti Barak Obamanı dövlət çevrilişinə cəhddə ittiham edib. Tramp Obamanın mühakimə olunmasını istəyir.
Obama administrasiyasının yüksək rütbəli məmurlarını xəyanətkar planlar qurmaqda ittiham edən hesabatın ardından ABŞ Ədliyyə Nazirliyinin ilk olaraq kimi hədəf alması barədə sualı cavablandıran Tramp Obamanın adını çəkib: “Dəstənin lideri Obama idi. Barak Hüseyn Obama, yəqin ki, eşitmisiniz. O, həyatı boyu mətbuat tərəfindən qorunub. Bilirsiniz, “zamana buraxaq” demək istərdim”, ancaq hər şey göz qabağındadır. O, günahkardır, düşünə biləcəyiniz hər cür cinayət. Səsləri oğurlamağa çalışdılar”.
Tramp Obamanı keçmiş prezident Bayden, keçmiş dövlət katibi Hillari Klinton, FTB-nin keçmiş direktoru Ceyms Komi, ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Ceyms Klapper və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennanın daxil olduğu cinayətkar dəstəyə rəhbərlik etməkdə ittiham edib. Tramp bu qrupun onun haqqında Rusiya ilə əlbir olmaqla bağlı saxta ittihamlar uydurduğunu iddia edib.
Tramp Ədliyyə Nazirliyini Obamanı mühakimə etməyə çağırıb: "Obamanın dövlətə xəyanət etdiyinə dair təkzibolunmaz sübutlar var. Obama bu çevriliş cəhdinə rəhbərlik etməyə çalışırdı. O, bunu Hillari Klinton və başqaları ilə birlikdə etdi. Amma başçıları Obama idi. Hər şey sənədlərdə açıq şəkildə yazılır. Bu, ölkəmizin tarixindəki ən böyük qalmaqaldır".
Trampın istinad etdiyi hesabat keçən cümə günü ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard tərəfindən açıqlanıb. Hesabatda Obama administrasiyası, 2016-cı il seçkilərinə Rusiyanın Trampın xeyrinə müdaxiləsi ilə bağlı saxta kəşfiyyat məlumatları yaymaqda ittiham edilir.
TAHİR