Çeçenistan prezidenti Ramzan Kadırov Rusiyanın digər bölgələrdən gəlib Çeçenistanda icazəsiz əməliyyat keçirən federal güc strukturlarının nümayəndələrinin öldürülməsi barədə əmr verib. Ramzan Kadırov bu bəyanatı Çeçenistan güc strukturlarının nümayəndələri ilə görüşündə səsləndirib.
Baki-xeber.com xəbər verir ki, Kadırov Çeçenistan Daxili İşlər Nazirliyinin kollegiyasında güc strukturlarına başqa bölgədən gələn federal polislərin öldürülməsi əmrini verib: «Bizdən icazə almadan torpaqlarımızda moskvalı və ya stavropollu biri çıxarsa, atəş açaraq öldürün. Bunu rəsmi olaraq söyləyirəm. Bizə hörmət etməlidirlər".
Kadırov bəyanatı aprelin 19-da Qroznıda Rusiyanın Stavropol diyarı güc strukturları tərəfindən keçirilən əməliyyatdan sonra verib. Çeçenistan səlahiyyətlilərindən icazə alınmadan keçirilən əməliyyatda Cambulat Dadayev öldürülmüşdü.
Əməliyyatın keçiriləcəyinə dair Çeçenistanın təhlükəsizlik xidmətinə məlumat verilmədiyini və yerli xalqın çox qorxduğunu deyən Kadırov, sözügedən əməliyyatın Çeçenistanın "Terek” komandası ilə Moskvanın "Dinamo” futbol komandaları arasında keçirilən futbol matçı əsnasında təşkil edildiyini və həmin vaxt şəhərdə bir çox turist və xarici qonaqların olduğunu qeyd edib.
Kadırov Stavropol diyarı polisinin Çeçenistanda əməliyyat keçirmək haqqı olmadığını bildirib və bununla bağlı Prokurorluq və İstintaq Komitəsinə araşdırmalar aparıb Rusiya qanunvericiliyinə görə, qərar çıxarmaları ilə bağlı göstəriş verib.
Yığıncaqda Çeçenistan rəhbərliyindən icazə almadan Çeçenistanda əməliyyat keçirənlərin atəş açaraq öldürməsi əmrini verən Kadırov "Məsələn, bizim İnquşetiyaya gedib orada radikallara və terrorçulara qarşı əməliyyat keçirməyə haqqımız yoxdur” – deyə bildirib.
Yerli polislərin çeçen torpaqlarında nəzarəti gücləndirməsi barədə göstəriş verən Kadırov daha sonra bildirib: "Bizi aşağıladılar, bizə təhqir etdilər. Konstitusiyamız bizi öldürmələri üçün qəbul etmədik”.
Ancaq Kadırovun bu əmri Moskvanın sərt tənqidinə səbəb olub. Rusiyanın Daxili İşlər Nazirliyi yerli hakimiyyətin icazəsi olmadan Çeçenistanda işləyən federal güc strukturlarının nümayəndələrinə atəş açmaq barədə Ramzan Kadırovun çağırışını pisləyib.
Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Çeçenistan Respublikası rəhbərinin yerli hüquq-mühafizə orqanlarının başqa regionlardan gələn əməkdaşlarına atəş açmaq barədə bəyanatı yolverilməzdir. Açıqlamaya əsasən Stavropol diyarının polisi aprelin 19-da Qroznıda əməliyyat keçirəcəyi ilə bağlı planları barədə Çeçenistan Cinayət Axtarış İdarəsinin əməkdaşlarını öncədən məlumatlandırmışdı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələni şərh etməyəcəyini deyib: "Eşitdiniz, gördünüz, oxudunuz. Şərh etməyəcəm”.
***
Çeçenistan prezidenti Ramzan Kadırov 2007-ci ildən bəri tutduğu vəzifədən gedə biləcəyini bildirib: "Mən yalnız komandanın (prezident Vladimir Putin) əsgəriyəm. Əgər o əmr versə, onu yerinə yetirməyə yüz faiz hazıram. Əgər vəzifədən ayrılmam lazımdırsa ayrılaram. Əgər həbs ediləcəyəmsə problem yoxdur. Mən ölməyə də hazıram...".
Daxili İşlər Nazirliyinin onlara yazılı, şifahi və ya telefonla əməliyyatlarla əlaqədar hər hansı bir məlumat vermədiyini deyən Kadırov "Stavropol polisi maskalı əməliyyat keçirir. Bütün çeçenlər bilir ki, qanuni vəzifəlilər maska taxmaz, maskanı yalnız quldurlar taxar... Stavropol polisi Daxili İşlər Nazirliyini səhv məlumatlandırır" – deyə bildirib.
Bir qisim sözdə vətənpərvərlərin insanları aldatdığını və Qərb kəşfiyyat orqanlarına xidmət etdiklərini iddia edən Kadırov onların Rusiyanı ikinci Ukraynaya çevirmək üçün çalışdıqlarını bildirib: "Bu əsla olmayacaq. Kadırovun Rusiya liderinin qarşısında olması çox axmaq fikirdir...".
Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz üzrə idarəsi aprelin 19-da Stavropol diyarı polisi tərəfindən Qroznıda keçirilən əməliyyatın qanuniliyini araşdıracağını bildirib.
Bundan əvvəl komitənin qərarı ilə Cambulat Dadayevin ölümü ilə nəticələnmiş əməliyyat barədə Çeçenistan hüquq-mühafizəçilərinin araşdırması dayandırılmışdı. Ancaq Çeçenistan rəhbəri həmin qərara qarşı olduğunu bildirib.