Britaniya rusiyalı milyarder Mixail Fridmana Şimal Dənizindəki qaz yataqlarını 6 ay ərzində satmaq göstərişi verib.
Onun LetterOne şirkəti həmin yataqları Almaniyanın RWE şirkətindən 5,1 milyard avro dəyəri olan alış-veriş sövdələşməsi çərçivəsində almışdı.
Britaniyanın energetika naziri Ed Davey ehtiyat edir ki, Ukraynaya görə Rusiyaya növbəti sanksiyalar tətbiq ediləcəyi halda Britaniyada qaz hasilatı çətinliklərlə üzləşə bilər.
Mixail Fridman bundan əvvəl məcburi satışın qarşısını almaq üçün hüquqi tədbirlər görəcəyini bildirmişdi.
Ötən gün Britaniyanın Enerji və İqlim Dəyişikliyi idarəsi xəbərdarlıq etmişdi ki, üç ay ərzində "nəzarət dəyişikliyi" baş verməsə, lisenziya ləğv olunacaq. Lakin Ed Davey qeyd edib ki, bu müddət altı ayadək uzadıla bilər.
Mixail Fridmanın aldığı qaz yataqları Britaniyanın qaz təchizatının 3-5 faizini təmin edir və London tərəfindən strateji əhəmiyyətli yataqlar sayılır.