Əfqanıstanda terror təşkilatı İŞİD və Taliban hərəkatı bir-birinə qarşı cihad elan edib. Baki-xeber.com xəbər verir ki, Helmend bölgəsinin təhlükəsizlik rəsmisi Nabi Jan Mullahil təhlükəsizlik qüvvələrinin bununla bağlı məktublar ələ keçirdiyini bildirib.
"Khaama Press”in xəbərinə görə, Mullahil qeyd edib ki, Talibana qarşı mübarizə aparan yeni qruplar, hökumət və Taliban nümayəndələri arasındakı sülh danışıqlarını müvəffəqiyyətsizliyə uğratmaq istəyən bəzi xarici gizli kəşfiyyatın dəstəyi ilə Əfqanıstanda fəaliyyət göstərir.
"The Oslo Times” iki təşkilat arasındakı qarşıdurmanın İŞİD lideri Əbubəkr Bağdadinin Talibanın qurucusu Molla Məhəmməd Ömərə "nə mənəvi, nə də siyasi etibarı haqq etməyən axmaq və cahil bir komandir" ifadəsini işlətməsindən sonra çıxdığını yazır. Bağdadiyə cavab olaraq Taliban lideri, "heç bir üzvünün İŞİD bayrağı altında durmayacağını və bu təşkilatın bayraqlarının heç vaxt Əfqan torpaqlarında dalgalanmayacağını” bildirib.