Yəmən hökuməti İranın ölkədəki böhranın nizamlanması ilə bağlı təkliflərini rədd edib. Hökumət nümayəndəsi bildirib ki, "biz İranın təşəbbüsünü rədd edirik. Bu planın məqsədi yalnız siyasi manevrdir”.
Baki-xeber.com xəbər verir ki, İranın xarici işlər naziri BMT-nin baş katibi Ban Ki Muna yazdığı məktubda Yəməndə sülhün bərqərar edilməsinə dair 4 bənddən ibarət plan təklif etmişdi. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin təklif etdiyi sülh planında bütün tərəflər arasında atəşkəs elan edilməsi, bütün xarici müdaxilələrin dayandırılması, humanitar yardım və milli barışıq üçün geniş dialoqdan söz açılır.
Qərb və ərəb diplomatları elə əvvəldən bu plana həvəssiz yanaşaraq İranın bu münaqişədə maraqlı tərəf olduğunu bildiriblər.
İran prezidenti Həsən Ruhani isə Yəməndə husilərə qarşı hava hücumu həyata keçirən Səudiyyə Ərəbistanı hökumətini sərt tənqid edib. Ruhani deyib ki, "insanların ürəyinə nifrət toxumu əkmisiniz, bunun da qarşılığını görəcəksiniz”. İran prezidenti Səudiyyə Ərəbistanından Yəməndəki husilərə qarşı hücumlara son qoymağı tələb edib.