Rusiyanın İrana 800 milyon dollarlıq müqavilə qarşılığında S-300 raket sistemi verilməsi qərarına ən sərt reaksiyanı İsrail verib. Ancaq Moskva İsraili əmin etməyə çalışır ki, sözügedən raket sistemləri müdafiə xarakterlidir.
Baki-xeber.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İsrail baş naziri Benyamin Netanyahuya raketlərin "yalnız müdafiə məqsədli" olduğunu xatırladıb. «Russia Today»in bildirdiyinə görə, Benyamin Netanyahu sanksiyaların qalxmasından duyduğu narahatlıqları çatdırmaq üçün Putinlə əlaqə saxlayıb. Putin S-300 sistemlərinin yalnız müdafiə məqsədli olduğunu, İsrail və regionun digər ölkələrinin təhlükəsizliyi üçün təhdid yaratmayacağını bildirib.
Ancaq belə görünür ki, Putin Netanyahunu buna inandıra bilməyib. İsrailin NRG xəbər agentliyi yazır ki, Rusiyanın bu addımına cavab olaraq İsrail Ukrayna və Gürcüstana müasir silahlar satmağa başlaya bilər.
Hökumətdəki mənbəyə istinadən verilən xəbərdə qeyd edilir ki, bir müddət əvvəl Rusiya İrana S-300 sistemləri göndərilməsini dayandırdığı üçün İsrailin də eyni addımı atmışdı, ancaq indi şərtlər dəyişdiyinə, Moskvanın yeni qərarına görə, Ukrayna və Gürcüstana silah satışı gündəmə gətirilə bilər.