2014-cü ildə 7 654 042 rubl (151,5 dollar) qazanmış Rusiya liderinin gəliri əvvəlki ilə nisbətdə iki dəfədən çox artıb. Kremlin saytında dərc edilmiş Gəlirlər deklarasiyasına əsasən Vladimir Putin 1500 kvadrat metr torpaq sahəsi və 77 kvadrat metr ölçüsündə mənzil və bir qarajın sahibidir.
Bundan başqa prezidentin istifadəsində daha 153,7 kvadrat metr sahəli mənzilin olduğu bildirilir. Vladimir Putinin QAZM 21, QAZ M-21-P və Niva markalı 3 şəxsi avtomobili var.
Ötən il ərzində Rusiya baş nazirinin gəlirləri də təqribən iki dəfə artıb. Dmitri Medvedyevin 8,052 milyon rubl (159,4 min dollar) qazandığı qeyd olunur.
Çərşənbə günü Kremlin saytında eləcə də aparıcı rəsmilərin deklarasiyaları yerləşdirilib.
Məlumata görə, onların arasında ən çox pul qazanan MDB ölkələri, Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq üzrə dövlət idarəsinin rəhbəri olub.
Oleq Qovorunun toplam gəliri təxminən 114 milyon rubl təşkil edib (2,3 milyon dollar). O xanımı ilə yanaşı 5 torpaq sahəsi, 1 ev, 1 mənzil və 3 avtomobilin sahibidir.
Gəlirlərinə görə ikinci yerdə Rusiya prezident administrasiyası başçısının müavini qərarlaşıb. 2014-cü ildə Vyaçeslav Borodinin təxminən 63 milyon rubl (1,3 milyon dollar) qazandığı bildirilir.