"İstər ölkə içindən, istərsə də ölkə kənarından Azərbaycana təzyiqlər göstərmək istiqamətində çağırışlar Azərbaycanın müstəqil şəkildə inkişafını, müstəqil şəkildə iradə ortaya qoymasını, öz imkanlarını, resurslarını müstəqil şəkildə idarə etməsini və bunun da nəticəsində ən müxtəlif regional və beynəlxalq layihələr reallaşdırmasını gözü götürməyən dairələrin əməlləridir”.
Bunu Trend-ə Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova vurğulayıb ki, əgər Azərbaycan iqtisadi cəhətdən digər ölkələr kimi başqa dairələrdən, ayrı-ayrı ölkələrdən asılı olsaydı, onu idarə etmək daha asan olardı və belə məsələlərə də ehtiyac qalmazdı: "Azərbaycan özü öz taleyinin sahibidir və heç bir başqa ölkənin, təşkilatın, beynəlxalq dairənin köməyi olmadan öz problemlərini özü həll edir, ciddi bir təcavüz faktı ilə üz-üzə qalmasına baxmayaraq, bunun da nəticələrini özü müstəqil şəkildə aradan qaldırır və bununla bağlı qətiyyətli şəkildə öz mövqeyini ortaya qoyur”.