Qərbin İrana qarşı sanksiyalarının yumşaldılması haqda sazişin mürəkkəbi qurumamış, Rusiya prezidenti Vladimir Putin İslam Respublikasına C-300 raket sistemlərinin satışına keçmiş prezident Mevedyevin qoyduğu qadağanı ləğv edib.
Baki-xeber.com xəbər verir ki, 2007-ci ildə Moskva ilə Tehran arasında bu cür S-300 raket sistemlərinin İrana satılması barədə 800 milyon dollar dəyəri olan müqavilə imzalanmışdı, lakin Moskva BMT-nin İrana silah satışına qarşı tətbiq etdiyi sanksiyalara görə, 2010-cu ildə bu müqavilənin həyata keçirilməsini dayandırmışdı. O zaman müvafiq göstəriş prezident Medvedyev tərəfindən imzalanmışdı.
İran və Rusiyada çoxları müqavilənin dayandırılmasına etiraz edərək bildirirdilər ki, S-300 zenit kompleksləri müdafiə silahıdır və BMT sanskyaları onlara aid edilməməlidir.
İndi isə Putin İrana S-300 raket sistemləri göndərilməsinə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb. Putininin fərmanı Rusiya ərazisindən tranzit daşınması yolu ilə və ya birbaşa daşınmaqla, eləcə də Rusiya ərazisindən xaricdə, dəniz və hava yolları vasitəsilə ilə S-300 raket sistemlərinin İrana çatdırılmasına icazə verir.
Onu da qeyd edək ki, Putinin bu addımı İranla altılar ölkələri arasında nüvə proqramı ilə bağlı razılığın əldə edildiyi dövrə təsadüf edir.
Aprelin 2-də İsveçrədə Tehranla 6 dünya ölkəsi arasında İranın nüvə proqramı ilə bağlı çərçivə sazişi imzalanıb. Söhbət İranın nüvə proqramı üzərində işi dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından gedir. Bununla bağlı yekun razılaşma iyunun sonunda imzalanmalıdır.
Putinin imzaladığı sürpriz sərəncamı şərh edən Moskvadakı müşahidəçilərə görə, İranla altılar ölkələri arasında nüvə proqramı mövzusunda razılığın əldə edilməsinin ardından Rusiya ilə Qərb arasında Tehran indi kimə daha yaxın olacaq mübarizəsi başlayıb. Ekspertlərə görə, Putin Qərbi bir addım geridə buraxmaq üçün S-300 fərmanı imzalayaraq, İranın Orta Şərq bölgəsində yeni dövrdə də yaxın müttəfiqi olduğu mesajını verdi.