İran hökuməti müvəqqəti olaraq zəvvarların Məkkə və Mədinəyə uçuşlarını dayandırıb. Bu addım Yəmən münaqişəsinə görə, Tehranın Ər-Riyadla münasibətlərinin pozulması fonunda baş verib.
İran Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, kiçik həcc (umra) üçün Səudiyyə Ərəbistanına hava daşımalarının dayandırılmasına səbəb son zamanlar Ciddə aeroportunda iranlı zəvvarlara qarşı Səudiyyə təhlükəsizlik qüvvələrinin kobud davranışı olub.
Mədəniyyət naziri bildirib ki, təqsirkarlar məsuliyyətə cəlb edilməyənədək İrandan Səudiyyə Ərəbistanına həcc ziyarəti bərpa edilməyəcək.
Yəməndə silahlı münaqişəyə görə, Tehranla Ər-Riyad arasında münasibətlər ciddi surətdə gərginləşib. Səudiyyə Ərəbistanı ölkədən qaçmış prezident Hadinin tərəfdarlarına yardım göstərərək İranı üsyançı husiləri dəstəkləməkdə ittiham edir.