ABŞ-ın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, Vaşinqtonda Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyirlər. Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza Hillari Klintonun yeni prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Cənubi Qafqazda siyasətinin dəyişib-dəyişməməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın işləməyə davam etməli olduğu dost və tərəfdaş ölkədir: "ABŞ-ın Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üzrə siyasətinin dəyişəcəyini düşünmürəm. Növbəti prezidentin kimin seçiləcəyindən asılı olmayaraq, ABŞ-ın Azərbaycana yanaşması energetika, təhlükəsizlik və islahatlar sahəsində ümumi maraqlara əsaslanıb. İstənilən halda prezident Azərbaycanın simasında ABŞ üçün vacib ölkə görəcək".