Baltik dənizi üzərində Rusiya ilə ABŞ arasında yeni gərginlik yaranıb. Pentaqon sözçüsü Eikeen M.Lainez bildirir ki, aprelin 7-də səhər saatlarında Baltik dənizi üzərində kəşfiyyat uçuş keçirən Su-27 Rus döyüş təyyarəsi ilə Amerikanın RC-135 casus təyyarəsi toqquşacaq dərəcədə bir-birlərinə yaxınlaşıblar.
Baki-xeber.com xəbər verir ki, hadisə zamanı iki təyyarə arasında təxminən 6 metr məsafə qaldığı və Rusiya döyüş təyyarəsinin Amerika təyyarəsinin ekipaj üzvlərinin həyatını təhlükəyə atdığı iddia edilir. Bildirilir ki, qaza son anda edilən manevrlərlə önlənib. ABŞ hadisəni Rusiya tərəfinin yeni bir təxribatı kimi xarakterizə edir.
Pentaqon sözçüsü hadisənin beynəlxalq sularda baş verdiyini və ABŞ tərəfinin hadisədən sonra Rusiyaya nota verdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirirlər ki, rus döyüş təyyarəsi Su-27 ilə Baltik dənizi üzərində Rusiya hava sahəsinə yaxınlaşan Amerika RC-135U tipli casus təyyarəsinin qarşısı alınıb.
Müdafiə Nazirliyi sözçüsü İqor Konaşenkov Amerika kəşf təyyarəsinin aprelin 7-də Baltik dənizi üzərində Rusiya hava sahəsinə doğru uçarkən təsbit edildiyini açıqlayıb. Onun sözlərinə görə Rusiyanın Su-27 döyüş təyyarəsi də xəbərdarlıq üçün Amerika təyyarəsinin ətrafında bir neçə dəfə uçuş edib.