Malayziya təhrikçiliyə görə cəzaları sərtləşdirən qanun qəbul edib. Yeni qanun qiyama təhrikçilik üçün 3 illik minimum həbsxana cəzası nəzərdə tutur. Təhrikçiliyə qiyama çağırış edən və dini gərginliyi artıran çıxışlar da daxildir.
Malayziyanın bu qanunu BMT tərəfindən pislənib. İnsan haqları fəalları ися deyirlər ki, qanun yayğın olduğundan rəsmilər ondan öz tənqidçilərini susdurmaq üçün istifadə edə bilərlər. "Human Rights Watch” bu hadisəni "Malayziyanın geriyə doğru nəhəng addımı” adlandırıb.
Malayziya həmçinin məhkəməsiz qeyri-müəyyən müddətə həbsdə saxlamaq imkanı verən qanunu dirçəldib. Bu qanun 2012-ci ildə ləğv edilmişdi.
Hökumət bildirir ki, yeni qanunlar İslam ekstremizminə qarşı yönəlmiş daha böyük antiterror qanunlarının tərkib hissəsi kimi başa düşülməlidir.
Yeni qanuna görə, təhrikçiliyi xəsarətlə nəticələnmiş şəxslər üçün 20 ilədək həbsxana cəzası nəzərdə tutulur. Necə deyərlər, "xəsarətsiz” təhrikçilik edənlərə 3 ildən 7 ilədək iş kəsilə bilər.
Qanun dəyişikləri həmçinin internetdə təhrikçiliyə də şamil olunacaq. Lakin dəyişiklərin arasında ən maraqlısı hökumətin təhqir olunmasını qadağan edən maddənin ləğvidir. Bununla belə, baş nazir Nəcib Rəzaq izah edib ki, bu təhqirə, adamları hökuməti devirmək məqsədilə nümayişə çağırış daxil deyil.
İndiyədək mövcud olan qanunlar adamların Twitter vasitəsilə hökuməti və onun siyasətini tənqid etmək üstündə həbsxanaya göndərilməsinə imkanı verirdi. 2014-cü ilin əvvəllərindən bu qanuna müvafiq olaraq 78 nəfərə qarşı cinayət işi qaldırılıb. Bunların arasında ölkənin tanınmış karikaturaçısı Zunar da var.
O Twitterdə müxalifət lideri Ənvər İbrahimin qızı Nurul İzzanın həbsinə etirazını bildirmişdi. Elə cənab Ənvərin qızını da buna bənzər "qanun pozuntusu”na görə həbs etmişdilər.