Yəməndə prezident tərəfdarları iki İran əsgərini tutublar. "Reuters” xəbər agentliyinə görə, Ədən şəhərində prezident Abdurrabbu Mansur Hadiyə yaxın yerli qruplar iki iranlı hərbçini tutduqlarını barədə məlumat yayıblar.
Husi əleyhdarı qüvvələr tutulan iki iranlının İran İnqilab Keşikçiləri Korpusuna ("Sepah”) aid xüsusi təyinatlı "Qüds” bölməsinin əsgərləri olduğunu bildirirlər. Mənbələrə görə, əsgərlər iki fərqli bölgədə qarşıdurmalar zamanı tutulub.
"Reuters” danışan döyüşçülərdən biri bildirib ki, ilkin araşdırmalara görə, onlar Qüds bölməsinin əsgərləridir və Husilərə məsləhətçilik edirlər. Onun sözlərinə görə, əsir alınan iki iranlı hərbçi təhlükəsiz yerdə saxlanır və Yəməndə hərbi əməliyyat keçirən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinə təslim ediləcək.
Qeyd edək ki, İran əvvəldən Yəməndəki üsyançı Husilərə dəstək verdiyi iddialarını rədd edir. Yəməndəki böhrana görə, hava əməliyyatı keçirən koalisiyaya dəstək verən ABŞ İrana xəbərdarlıq edib. ABŞ dövlət katibi Con Kerri bildirib ki, özünü İran təhdidi altında hissədən bütün ölkələrə dəstək veriləcək.
Bu arada, Yəməndə qarşıdurmalar davam edərkən Ədən şəhərindəki Yəmən prezidenti Abdurabbu Mansur Hadi tərəfdarı 4-cü Hərbi Region Komandanlığı Husilərə və onlarla birlikdə döyüşən keçmiş prezident Əli Abdullah Salehə bağlı qüvvələrə təslim olmaları üçün üç gün vaxt verildiyini bildirib. Ancaq bununla bağlı detallı açıqlama verilməyib.