ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi "Stratfor"un başçısı Corc Fridman ABŞ rəhbərliyinin yeni Rusiya strategiyası ilə bağlı şok açıqlamaları ilə gündəmə gəlib. O, ABŞ rəhbərliyinin yeni Rusiya strategiyasına dair ilk dəfə açıq və dəqiq açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, "Gizli CIA" kimi tanınan "Stratfor”dan gələn bu açıqlama dünyada şok effekti yaradıb. Corc Fridman Çikaqoda bir konfransda açıq dilə gətirdiyi ssenari ilə bir çox suala da cavab vermiş olub.
Corc Fridmanın sözlərinə görə, Amerika rəhbərliyinin əsas strateji hədəfi Rusiya ilə Almaniya arasında yarana biləcək ittifaqın qarşısını almaqdır. "Stratfor" rəhbəri deyir ki, illərdir tətbiq olunan bu plan Ukraynada müharibəyə çevrildi.
Friedman bu ittifaq ehtimalının ABŞ üçün "keçmiş əsrin və gələcək on illərin kabusu olduğunu" və bunu əngəlləmək üçün Vaşinqtonun hər cür savaşa hazır olduğunu bildirib.
O, ABŞ-ın dünyadakı tək və mübahisəsiz super güc iddiası qarşısında Rusiya və Almaniyanın birgə hərəkət etməsinin yeni bir super güc yaradacağını, ABŞ-ın da bu ehtimalı ortadan qaldırmaq üçün siyasət yürütdüyünü deyib. Fridman hətta Soyuq Müharibə dövründə belə ABŞ-ın məqsədinin bu iki ölkənin ola biləcək ittifaqının qarşısını almaq olduğunu bildirib.
Fridmana görə, Vaşinqtonun ehtimal edilən ittifaqdan qorxmasının səbəbi ABŞ-ın hegemonluğunu sarsıda biləcək alternativ bir dünya gücünün yaradılmasından narahatlıq duymasıdır. Onun sözlərinə görə, Almaniyanın texnologiyası və sərmayəsi ilə Rusiyanın təbii qaynaqlarının və silahlı qüvvələrinin birləşməsi ilə "yeni çox qütblü dünya"nın meydana gəlməsi mümkündür. Bu vəziyyətdə Avrasiya gücü dünyada daha təsirli ola bilər. Bunun qarşısını almaq üçün ABŞ həm Rusiyanı, həm də Almaniyanı zəiflədəcək siyasəti aparır.
Friedman almanların problem olduğunu, nə edəcəklərinə qərar vermədiklərini, bunun isə ABŞ üçün narahatlıq mənbəyi olduğunu vurğulayıb.
ABŞ-ın Moskvanın təsir dairəsini daraltmaq üçün on illərdir mümkün olan hər şeyi etdiyini ifadə edən Fridman bildirir ki, ABŞ Rusiya ilə Avropa arasında görünməz bir sərhəd yaratmaq üçün Rusiyanın ətrafında bir növ "təhlükəsizlik kordonu” yaradır. Bu baxımdan ABŞ Kiyevdə də təsirini artıra bilər.
"Stratfor" rəhbəri Obama rəhbərliyinin Ukrayna siyasətini də məhz bu ittifaqın qarşısını almağa bağlayır: Həm Rusiyaya həm də Almaniyaya iqtisadi cəhətdən zərər verən sanksiyaları davam etdirmək. Ancaq amerikalı mütəxəssis bunun nəticə verməyəcəyini düşünür. "Stratfor” başçısı ABŞ üçün ən böyük kabusun radikal İslamçı terrorçular deyil, Rus-Alman ittifaqı olduğunu vurğulayır. Ancaq bununla belə, ABŞ-ın Rus-Alman ittifaqını əbədi əngəlləməsinin mümkün olmadığını deyir.
Rusiyanın da öz sərhədləri ətrafında təhlükəsizlik bölgəsi yaratması məsələsinə toxunan "Stratfor" rəhbəri qeyd edir ki, bu ancaq heç bir bloka qoşulmayan bir Ukrayna ilə mümkün ola bilər: "Qərb Kiyevdə hakim olursa, o zaman Moskva ilə aralarında 500 kilometrlik bir məsafə qalacaq. Məhz buna görə Ukraynanın statusu Moskva üçün prinsip məsələsidir və eyni zaman da ölkənin təhlükəsizliyi önündə potensial bir təhdiddir''.
Fridman Reyqan rəhbərliyinin "Bizə qarşı savaşacaq gücləri olmasın" deyə İraq-İran müharibəsində iki tərəfi də gizli şəkildə dəstəklədiyini xatırladır: "Bu bəlkə də əxlaqa uyğun deyildi, amma işə yaradı. Əhəmiyyətli olan ABŞ-ın maraqlarını qorumaqdır".
Fridmanın çıxışının orijinal videosu: