Şimali Avropanın beş ölkəsinin müdafiə nazirləri Rusiya təhlükəsinə qarşı hərbi əməkdaşlıq müqaviləsi imzalayıb. Beş ölkə Rusiyadan qaynaqlana biləcək bir böhran, ya da hadisəyə qarşı birlikdə tədbir görmək və regional təhlükəsizliyi artırmaqla bağlı razılığa gəlib.
Baki-xeber.com xəbər verir ki, anlaşmanı imzalayan İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiya sözügedən müqavilənin xaricində Baltikyanı ölkələrlə də hərbi əməkdaşlığı artırmağı planlaşdırırlar.
Norveçin "Aftenposten” qəzeti yazır ki, bu razılaşma adları çəkilən şimal ölkələrinə yaxın yerlərdə Rusiyanın təcavüzkar siyasətinə cavabdır.
Müdafiə nazirləri tərəfindən imzalanan bəyannamədə Rusiya Avropanın təhlükəsizliyinə qarşı "ən böyük təhdid" kimi dəyərləndirilir. Sənəddə həmçinin, Rusiya Baltik ölkələrində və Skandinaviya ölkələrinin şimal bölgələrində hərbi və kəşfiyyat fəaliyyəti aparmaqda günahlandırılır: "Rusiya liderləri öz siyasi məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq qaydalarını pozaraq hərbi gücdən istifadə etməyə hazır olduqlarını göstərdilər. Baltikyanı və bizim şimal bölgələrimizdə hərbi və kəşfiyyat fəaliyyəti artıb. Rus ordusu sərhədlərimizdə bizə meydan oxuyur və Baltık ölkələrinin sərhədləri pozulur".
İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiya müdafiə nazirləri bəyan ediblər ki, Şimali Avropa ölkələrinin əməkdaşlığı və Baltik ölkələrinə göstərilən həmrəylik Rusiyanı dayandırmaqda əsas faktor rolunu oynaya bilər və bölgədəki təhlükəsizliyi də artıra bilər.