O deyib ki, ABŞ Yaxın Şərqdə İran tərəfindən təhdid olunduğunu hiss edən hər hansı bir dövləti dəstəkləyəcək və İranın regionu sabitsizləşdirmək cəhdlərinə biganə qalmayacaq. Kerri deyib ki, İranın husilərə dəstək verdiyi aşkardır və İrandan Yəmənə hər həftə təyyarə uçur.
ABŞ hazırda husi qiyamçılarını geri oturtmağa və prezident Əbdrəbbuh Mənsur Hadinin səlahiyyətlərini bərpa etməyə çalışan Səudiyyə koalisiyasını dəstəkləyir.
İran şiə husi qiyamçılarına dəstək verdiyi barədə iddiaları rədd edir. Buna baxmayaraq İran çərşənbə günü Ədən körfəzinə iki hərbi gəmi göndərib. Hərbi dəniz donanmasının komandanı, kontr-admiral Həbibullah Səyyari deyib ki, gəmilər körfəzə dəniz yollarının mühafizəsi üçün ezam edilib.
Bu arada İran prezidenti Həsən Ruhani Səudiyyə koalisiyasının Yəmən üzərində hava zərbələrinin dayandırılmasına çağırıb: "Böyük Yəmən xalqı bombardmana boyun əyməyəcək. Gəlin hamımız müharibəni qurtarmaq barədə düşünək”.