Yeni ilin ilk günlərində ABŞ-ın təxminlərinə görə, bir hücumda 200-500 arasında əsgəri ölən və ya yaralanan Rusiya Ukraynaya qarşı qisas hücumu həyata keçirdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın şərqindəki Kramatorskda iki binanın raketlərlə vurulduğu, nəticədə iki binada olan 600 ukraynalı əsgərin öldüyünü iddia edib. Açıqlamada Makivkadakı hücuma cavab verildiyi vurğulanıb.
Moskvanın açıqlaması hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, 2023-cü ili Donetskdə Makivkada qarşılayan Rusiya ordusu ukraynalıların atdığı HİMARS raketləri ilə vurulub. Əsgər itkisi ilə bağlı çox nadir açıqlama verən Moskva baza kimi istifadə edilən məktəb binasında 89 əsgərin öldürüldüyünü etiraf etməli olub.
Amerikalılar tamamilə dağıdılan məktəb binasında 200-500 arasında rus əsgərinin öldüyünü və ya yaralandığını açıqlayıblar. Ukraynalılar ölənlərin sayının 400 olduğunu bildiriblər.
Tahir TAĞIYEV