Gümrüdə polislər Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına gedən yolda icazəsiz anti-Rusiya aksiyasının iştirakçılarını və tərəfdarlarını saxlayıblar.
Bu barədə bazar günü Trend erməni KİV-lərinə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozduqları və polisin qanuni tələblərinə tabe olmadıqlarına görə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq ediblər.
Nəticədə etirazçıların bir çoxu polis bölməsinə aparılıb.
Qeyd edək ki, Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl Rusiyanın bu şəhərdə yerləşən 102-ci hərbi bazasına girişləri bağlayıb.
Qeyd edək ki,bundan əvvəl Ermənistan "Milli Demokratik Qütb" siyasi hərəkatının üzvü Vaqe Qasparyan Ermənistanın Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini bildirmişdi.
"Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq", - deyə V.Qasparyan bildirmişdi.