Azərbaycan dövləti Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müraciətdə deyilir:
"Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.
Ermənistan tərəfi Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir”.
Bildirikir ki, mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır: “ Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralanıb, bir azərbaycanlı isə həlak olub. Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək".
Göründüyü kimi, konkret faktlarla sübut olunur ki, atəşkəs əldə ediləndən sonra, ermənilər Laçın yolundan humanitar məqsədlərlə deyil, silah-sürsat daşımaq üçün istifadə edib.
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin iç üzü tam açılır: “Bütün dünya bir daha bilməlidir ki, Laçın yolunda keçiriklən etiraz aksiyası Qarabağda yaşayan erməni əsilli dinc Azərbaycan vətəndaşlarına qarşı deyil, separatçı silahlı dəstələrin cinayətkar əməllərinin dayandırılması məqsədilə keçirilir. Sirr deyil ki, Ermənistan uzun illər Laçın yolundan cinayətkar məqsədlərlə istifadə edib. 30 ilə yaxın işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi, ərazilərimizin kütləvi minalanması, silah-sursat daşınması və digər cinayətkar əməlləri Laçın yolu vasitəsilə həyata keçirilib. Hətta 44 günlük Vətən Müharibəsindəki Qələbəmizdən sonra da Ermənistan Laçın yolundan istifadə edərək , Qarabağa mina daşıyıb, ərazilərimizi talan edərək ekoloji cinayətlər törədib. Laçın yolu Xankəndində məskunlaşan erməni silahlı terrorçuları və onların siyasi havadarları üçün nəfəslik rolunu oynayıb. Amma artıq bir aya yaxındır ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri Laçın yolundan cinayətkar məqsədlərlə istifadə olunmasına imkan vermir. Arutunyan, Vardanyan və digər cinayətkar ünsürlərin nəfəsi kəsilib. Onlar artıq əvvəlki kimi qanunsuz əməllərlə məşğul ola bilmirlər. Azərbaycan vətəndaşları Laçın yolunda etiraz edərək bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına çalşır və hesab edirəm ki, biz buna nail olmuşuq. Bu gün Laçın yolu son 30 ildə heç vaxt olmadığı kimi sülh yoluna çevrilib. Yol vasitəsilə humanitar kalonlar, sülhməramlılara məxsus avtomobillər, Xankəndidən gələn mülki dinc şəxslər heç bir maneə olmadan hərəkət edir. Ermənistanı dəstəkləyən beynəlxalq dairələr gözünü yaxşı açsın və bu reallıqları görsün. Azərbaycanı ittiham etmək, yalan və saxta məlumatlar yayaraq nəyəsə nail olmaq istəyən ölkələr dərk etməlidir ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Görünür, Avropadakı bəzi ermənipərəst dairələr Laçın yolunun sülh yoluna çevrilməsini istəmir. Onların məqsədi nədir? Bəlkə çalışırlar ki, Ermənistan yenə əvvəlki kimi Xankəndi və ətraf ərazilərə minlara, silah-sursat daşısın? Yoxsa çalışırlar ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi dava etsin? Reallıq budur ki, həmin qüvvələr buna nail olmaq istəyirlər. Amma Azərbaycan xalqı öz dinc etiraz aksiyası ilə bu murdar planların qarşısını qətiyyətlə alır və bundan sonra da belə olacaq”.
Məhəmmədəli QƏRİBLİ