İsrail Azərbaycana işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhərlər”in yaradılması sahəsində əməkdaşlıq təklif edib. Bunu müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
O bildirib ki, İsrail əvvəllər öz şirkətlərinin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb və indi də bunu edir.
Bəzi müsəlman ölkələri İsrailin Qarabağın bərpası işlərində göstərdiyi fəallıqdan narahatlıq keçirir. Xüsisilə də İranın bu mövzuda etirazlarının şahidi olmuşuq. Amma bərpa işlərində iştirakla bağlı da İsrail kimi açıq müraciət etmirlər. İsrailin bu cür fəallığı fonunda müsəlman ölkələrinin nümayiş etdirdiyi passivliyi nə ilə əlaqələndirmək olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan uzun illər müsəlman dünyasının, İranın münasibətini nəzərə alaraq, hətta İsraildə səfirlik belə açmadı: “Ancaq bunun qarşılığında İran və bəzi müsəlman ölkələri Ermənistanla sıx əməkdaşlıq etdilər, Ermənistana hər cür dəstək verdilər. Yalnız ikinci Qarabağ müharibəsi dövründə və müharibə ərəfəsində Azərbaycan çox düzgün addım atdı və İsraillə sıx hərbi əməkdaşlığa getdi. Qazandığımız qələbədə bu əməkdaşlığın ciddi rolu oldu. İran bir tərəfdən xarici qüvvələr regionda olmamalıdır deyir və İsrailin işğaldan azad olunmuş ərazilərində tikdiyi fermanı kəşfiyyat mərkəzi kimi dünyaya təqdim edir, digər tərəfdən Ermənistanda Amerika Birləşmiş Ştatlarının səfirlikdən daha çox hərbi bazaya bənzəyən diplomatik nümayəndəliyinə heç nə demir. Məlumdur ki, İraqdan sonra dünyada ABŞ - ın ən böyük səfirliyi Ermənistandadır. Burada hətta 800-ə yaxın dəniz piyadalarının olduğu da mətbuatda yer alıb. Ancaq İran nədənsə Ermənistana heç nə demir, əksinə, ona hər cür dəstək verir. Mən hesab edirəm ki, biz İaraillə əməkdaşlığı genişləndirməliyik. Burada tərəddüd etmək Azərbaycanın maraqlarına cavab vermir”.
Partiya sədri hesab edir ki, biz bu addımı atdıq və İran bundan sonra da təxribat xarakterli davranışlarına davam edəcək: “Bizim də İsraillə daha sıx əməkdaşlıq etməkdən başqa yolumuz yoxdur. Həttə bu əməkdaşlıq Azərbaycanın təhlükəsizliyinə ciddi təminat verir və biz bunu da nəzərə almalıyıq ki, İsrailin Azərbaycanla sıx əməkdaşlığı, Azərbaycanı müdafiə etməyə hazır olması bizim üçün çox vacibdir. Burada tərəddüd etmək, İranın və digər müsəlman ölkələrinin münasibəti barədə düşünmək Azərbaycanın maraqlarına cavab vermir. Yeri gəlmişkən, bəzi ərəb şirkətləri işğaldan azad olunmuş ərazilərdə işləyirlər. Ancaq onlar hələlik yalnız yaşıl enerjilə bağlı layihələrdə iştirak edirlər. Təbii, biz istərdik ki, onlar aktiv şəkildə bu proseslərə qoşulsunlar və əsl müsəlman kimi öz din qardaşlarına yardım etsinlər. Hələ ki, biz bunu görmürük. Ona görə hesab edirəm ki, biz bundan sonrakı addımlarımızı həm Amerika Birləşmiş Ştatlarının son dövrlər Qarabağ məsələsinə, ümumiyyətlə regiona münasibətinin dəyişməsini, həm də İsrailin açıq şəkildə Azərbaycanı müdafiə etməsini nəzərə alaraq atmalıyıq”.
Azərbaycan dəfələrlə ölkələri işğaldan azad edilən ərazilərin bərpasında fəal olmağa çağırıb.
Məhəmmədəli QƏRİBLİ