Fransanın “Charlie Hebdo” jurnalı Azərbaycana qarşı təxribatçı material dərc etməkdən çəkinmir. "Charlie Hebdo" jurnalında Azərbaycanın guya Ermənistan üçün təhlükə yaratdığını iddia edən yazı dərc olunub.
Məlum olduğu kimi, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sözügedən jurnalda dərc olunan məqaləyə münasibət bildirib. "Charlie Hebdo qəzeti, dinləyin. Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda siz hansı təhlükədən danışırsınız?,” - deyə səfir paylaşımında qeyd edib.
Yadınıza salaq ki, barəsində danışılan həmin jurnal bir neçə il əvvəl Məhəmməd Peyğəmbərin karikaturasını da dərc edib. Yəni bu jurnalın anti-Azərbaycan, anti-islam möveyində dayandığı sirr deyil. İndi də Azərbaycanı bu cür şərləyir. Əlbəttə, "Charlie Hebdo” nəşrindən bundan artıq nə gözləmək olar ki? Bu, Məhəmməd Peyğəmbəri təhqir edən bir nəşrdir.
“...Bu jurnal o qədər sərhədsiz davranış sərgiləyir ki...”
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə dedi ki, baş verənlər gözlənilməz deyildi. “Bilirsiz, “Charlie Hebdo” jurnalı özünün qeyri-adi paylaşım yayımları ilə diqqət çəkir. Xatırlayırsınızsa, məhz bu səbəbdən də bir neçə il əvvəl "Charlie Hebdo”nun redaksiyasına terror hücumu oldu və 10-dan artıq əməkdaş o hücum nəticəsində həlak olub. Yəni bu jurnal o qədər sərhədsiz davranış sərgiləyir ki, bəzən insanların bu jurnala terror etməsi müəyyən kəsimdə təqdir qazanır. Təbii, biz terrorun tərəfində deyilik, ola da bilmərik. Amma “Charlie Hebdo” buna şərait yaratmamalı idi. Bizim hörmətli səfir Leyla Abdullayevanın paylaşımına gəlincə, əlbəttə, Azərbaycana diqqət çəkmək, özəlliklə də Azərbaycan kimi ölkələri tənqid deyil, bəzən təhqir edən mediaya yerini göstərmək baxımından bu addım təqdir olunasıdır. Bilirsiz ki, Leyla xanım Fransaya yeni təyin olunan səfirimizdir. O, Xarici İşlər Nazirliyində işlədiyi dövrdə də kifayət qədər fəallığı ilə seçilib, təcrübəli diplomatdır. Sözsüz, onun Fransada Azərbaycanın maraqları, mənafeləri naminə atdığı istənilən addım təqdir olunasıdır. Bu baxımdan, “Charlie Hebdo” üzərindən Azərbaycana diqqət çəkməyə cəhd göstərməsi bizim üçün təqdir olunası bir addım kimi qiymətləndirilə bilər.
“Charlie Hebdo”ya gəlincə, onlar “Charlie Hebdo”nun satirik jurnal olduğunu iddia edirlər, əslində isə o hər zaman həddini aşır. Özü də bu davamlı şəkildə baş verir və satiranın çərçivələri, sərhədləri aşılır. Təkcə Azərbaycana, Türkiyəyə münasibətdə deyil, ümumiyyətlə hər kəsə, xüsusən də islam dininə, onun müqəddəslərinə münasibətdə “Charlie Hebdo” jurnalı satira həddini aşır”.
A.Həsrət deyir ki, elə şeylər var onlara münasibətdə çərçivə gözlənilməlidir. Bu jurnalın isə heç zaman bu çərçivəni gözləmədiyini qeyd edən A.Həsrətin sözlərinə görə, indi də gözləmir. Müsahibimizin fikrincə, ermənipərəst mövqe sərgiləyən “Charlie Hebdo”ya səfirin verdiyi cavab yerinə düşür.
Leyla QARAXANLI