Zahid Orucun Milli Məclisdə çıxışı "Tərtər işinin" yüzlərlə qurbanının və onların əzizlərinin ruhuna toxundu və ürəklərini qırdı…
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Ortada hələ bitirilməmiş böyük "Tərtər cinayəti" deyilən bir iş var, taleyi param-parça edilmiş, istintaqda öldürülmüş, misilsiz işgəncələrdən sonra həbslərdə çürüdülmüş bu insanların ruhları, ürəkləri Zakir Qaralovu və Xanlar Vəliyevi hətta bu adamlar Prezidentdən və xalqdan üzr istəsələr belə, bağışlayacaqmı, rahatlanacaqmı?!.. Çətin...
Məgər Zakir Qaralovla Xanlar Vəliyev adi məişət qəbahətinə yol veriblər ki, üzr istəməklə hər şey bitmiş sayılsın?!. Sabiq Baş prokuror və hərbi prokuror bütün istintaqların ədalətliliyinə və qanuniliyinə görə, birbaşa məsuliyyət daşıyan ali nəzarət orqanlarının rəhbərləridır. Üstəlik "Tərtər istintaqını" elə bu iki orqanın özləri aparıblar, demək, qanunsuz hərəkətlərdə və işgəncələrdə birbaşa əlləri var.
Əslində Zahid Oruc müəyyən mənada Zakir Qaralovla Xanlar Vəliyevə ən asan bəraətalma üsulu təklif etməklə onları daha ağır cəzadan sığorta etmiş olur. Məgər onların gecə-gündüz Allahdan istədikləri bu deyil ki, bir üzr istəməklə bu işin altından qalxa biləydik...
Ancaq ölkə Prezidenti cənab Əliyevin bir "üzr istəmə" ilə bunca işlərin üstündən keçəcəyini düşünə bilmirəm. Prezidentin böyük Qarabağ Zəfərinin uğurlu ilk "baş məşqi" sayılan 2016-cı ilin aprel döyüşlərinin igidlərinə qarşı bu cinayətləri burbaşa törədənləri və onlara nəzarət edənləri adi bir "üzrlə "bağışlamaq?.. Bu qurama cinayət işi Prezidentin tarixi əhəmiyyətli "baş məşqinə" kölgə saldı. Bunun qəsdlə, ya səhlənkarlıqdan edildiyini isə hələ araşdırmaq lazım gələcək… Qurama Tərtər cinayətinin 2016-cı ilin aprel döyüşlərindən sonra ƏSAS MÜHARİBƏYƏ daha əzmlə getməyə hazırlaşan əsgərlərimizin döyüş ruhunu qırmağa hesablanmış "qabaqlayıcı cəza əməliyyatı" olmadığına şəxsən mən zamin dura bilmərəm...
Salam-sabah etdiyim deputat Zahid Orucun belə çıxışla özünü çəkili bir tarixi-mənəvi məsuliyyətin altına atmasını istəməzdim...
Ancaq Zahid bəyin bu çıxışına qardaş Türkiyədən də reaksiyaların olacağını istisna etmirəm...”
Tahir TAĞIYEV