Belə görünür ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin bir zamanlar Azərbaycana qarşı səsləndirdiyi təhdid xarakterli fikirlər və daha sonra buna görə üzr istəməsi bəzilərinə dərs olmayıb.
Bu arada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Mixail Aleksandrov deyib ki, sülhməramlılara toxunsalar, Bakını raketlərlə vurub məhv edərik: “Qarşı tərəf indi situasiyadan istifadə edərək Laçın dəhlizini Azərbaycanın nəzarət edəcəyi dəhlizə çevirmək istəyir. Belə davam edərsə, iş toqquşmalara qədər gedib çıxa bilər. Əgər onlar bizim sülhməramlılara hücum etsələr, hansısa tədbirlər görməli olacağıq. Birbaşa təmasların olmadığı savaşa başlaya bilərik. Bakıya raket zərbələri endirmək, Azərbaycanın neft-qaz infrastrukturunu bombalayıb məhv etmək mümkündür. Raket zərbələri ilə Azərbaycanın enerji sistemini bütünlüklə məhv etmək olar. Yeri gəlmişkən, Qərb də bundan xeyli ziyan çəkəcək”.
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, belə məsuliyyətsiz fikirlər Rusiyanın ziyanına işləyəcək: “Rusiya onsuz da bir dövlət kimi Ukraynadakı müharibəyə görə dünya xalqlarının gözündən düşüb. Belə çağrışlar etməklə onlar ölkəni fəlakət qarşısında qoyurlar. Artıq beynəlxalq müstəvidə Rusiya terrorçu dövlət kimi təqdim olunur. Belə bir dövlətin ziyalısından da, tarixçisindən də yaxşı nəsə gözləmək olmaz. Bu, məsələnin bir tərəfi. İkincisi, Putin SSRİ-ni bərpa etməyə çalışırdı. Onun ətrafında olan ziyalılar da hamısı sovet ənənələri əsasında tərbiyə alıblar. Ona görə də sovet ruhunda çıxışlar edirlər. Ancaq SSRİ-nin 70 ildə dediyi ilə əməli heç vaxt düz gəlmədi. Sözdə bir şey deyirdilər, əməldə başqa işlə məşğul olurdular. İndiki dövürdə də oxşar proses gedir. 1988-ci ildə erməni separatizmi baş qaldıranda Moskvadan İrəvana göndərilən rəhbər şəxslər bir söz deyirdilər, Bakıya gələnlər başqa söz deyirdi. Belə yalan üzərində qurulan dövlət inkişaf edə bilməz. O vaxt informasiya qıtlığı idisə, indi isə sösial şəbəkələr hesabına hamı onların iç üzünü yaxşı bilir. Bu səbəbdən hesab edirəm ki, Mixail Aleksandrovun sərsəm fikirlərindən çəkinmək lazım deyil. Əksinə, bunların üzərinə getmək və onların cavabını vermək lazımdır. Bir zamanlar Delyagin də sərsəmlədi, amma sonra dedi ki, qələt eləmişəm. Yəni, təhdidlərə görə üzr istədi. Yaxşı olardı ki, M.Aleksandrov Rusiyanın indiki vəziyyətinə baxsın, ondan sonra danışsın. Sülhməramlıların Qarabağda olması o demək deyil ki, separatçılar istədiklərini edəcəklər, sərvətlərimizi talamaqda davam edəcəklər. Azərbaycan düz yoldadır və Rusiya kimi başqasının ərazisini işğal etmir. Laçın yolunda aksiya keçirənlər bunu Azərbaycan ərazisində edirlər. Bunlar kimi Ukrayna ərazisini ilhaq etmirlər. Ona görə də hesab edirəm ki, heç bir dövlət, o cümlədən Rusiya bizi öz yolumuzdan döndərə bilməz. Hədələyici mesajlar verməklə nəyəsə nail ola bilməyəcəklər. Azərbaycan güclü dövlətdir və bununla Rusiya hesablaşmalıdır”.
Vidadi ORDAHALLI