Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” partiyasının üzvü Konstantin Zatulin ölkəsini bir növ “baqaja” qoyan açıqlama ilə çıxış edib. Zatulin bəyan edib ki, onun illərdir ermənipərəst mövedən çıxış etməsi məhz Rusiyanın marağında olub.
Sitat: “Onların marağındadır ki, mən günahı öz üzərimə götürüm və İrəvan da qadağanı aradan qaldırsın. Ancaq mən üzr istəməyəcəm. Mən uzun illərdir ki, Ermənistanı dəstəkləyirəm, çünki bu, Rusiyanın marağındadır. Ermənistanda heç kimə borcu yoxdur”.
O əlavə edib ki, Bakı onun Azərbaycana səfərinə 2011-ci ildə qadağa qoyub, Ermənistan isə bu ilin noyabrından.
Əslində, digər mövqesiz insanlar da Zatilinin halına baxıb, doğru nəticə çıxarmalıdırlar. Bu adamın özü etiraf edir ki, məhz şəxsi mövqeyi ilə bağlı hərəkət etmədiyinə görə, bu aqibətlə üzləşib. Əvvəl, Rusiyanın marağına uyğun olaraq haqsız yerə Azərbaycanı tənqid edib, bunun fonunda haqsız mövqedə olan Ermənistanın işğalçılığına haqq qazandırıb. Sonra Rusiyanın dövləti maraqları Ermənistanı söyməyi tələb edib və o bu sifarişi də icra edib. Hazırda faktiki olaraq oyundankənar vəziyyətdə qalıb. Bunun əsl adı isə haçapaça qalmaqdır. Faktiki olaraq Zatulin nə Ermənistana, nə də Azərbaycana səfər edə bilir. Hər ikisində arzuolunmaz şəxs kimi qəbul edilir. O, çıxış yolunu öz ölkəsinin maraqlarını güdaza verməkdə görüb ki, bəlkə ermənilərin xoşuns gələ və bunu bağışlayalar. Yəqin Ermənistanda yediyi kababların dadı damağında qalıb. Ancaq biz ona daha doğru və asan yolu təklif edə bilərik. Zatulin həm kabab yemək, həm də həqiqəti dərindən anlamaq istəyirsə, daşı ətəyindən töküb, bizdən əfv diləsin. Əminəm ki, Ermənistandan fərqli olaraq, bizim humanist hökümətimiz onu bağışlayar. Nəticədə, ahıl yaşında olsa da, Zatulin haqqın, ədalətin nə olduğunu öz gözləri ilə görmüş olacaq. Biz onu aparıb işğaldan azad edilən rayonlarımızla tanış edərik. Həm oradakı erməni vandalizminin izlərini görüb məyus olar ki, indiyə qədər belə vəhşiliyi necə müdafiə edib? Həm də Azərbaycanın qısa müddətdə apardığı quruculuq işləri ilə də tanış olub, qüdrətimizə bələd olar. Təbiidir ki, yolüstü ona lavaşda kabab yemək üçün də şərait yaradılar. Narahat olmasın, burada yediyi kababın Ermənistandakından qat-qat dadlı olacağına zəmanət də verə bilərik. Yetər ki, Zatulin ədalətin nə olduğunu görmək istəsin…
Məhəmmədəli QƏRİBLİ