Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat fraksiyası ilə görüşündə Laçın yolu ilə bağlı məsələni müzakirə edib. Müzakirələr zamanı bəzi məsələlərə aydınlıq gətirilib.
Baş nazir, faktiki olaraq, “Laçın dəhlizi nə vaxt açılacaq” sualına aydın cavab verə bilməyib. Sözügedən məsələ ilə bağlı Paşinyan deyib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə təmasdadır, lakin bu dövlətlərin heç biri dəhlizin açılması ilə bağlı konkret və aydın təminat vermir.
Rusiyanın vasitəçilik missiyasına gəlincə, Paşinyan bu barədə də aydın fikir deyə bilməyib. Baş nazir yalnız onu vurğulayıb ki, müttəfiqi bu məsələni təxirə salıb və “yeşiyin ən uzaq küncünə tullayıb”: “Amma əlavə edib ki, onları başa düşmək olar, müharibə gedir, kəllələr ayrı məsələlərlə məşğuldur”.
Görünən odur ki, Laçın yolu məsələsində Paşinyan Ermənistanın aciz olması reallığı ilə barışır.
“Bəlli oldu ki, Ermənistanın zarıması dünya üçün hansısa əhəmiyyət kəsb etmir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, Paşinyanın Laçın yolu ilə bağlı etirafı bir sıra məqamlardan xəbər verir: “Bu o deməkdir ki, geosiyasi vəziyyətin dəyişməsindən asılı olmayaraq, hansısa dövlətə və ya dövlətlərə arxayın olub addım atmaq lazım deyil. Ona görə ki, dövlətlərin siyasəti dayanıqlı olmur və tez-tez dəyişə bilər. Bunu biz öz üzərimizdə dəfələrlə görmüşük. Ona görə də dövlət özünə arxayın olmalıdır. Hansısa dövlətlərin yedəyində getməməlidir. Paşinyan elə bilirdi ki, bu dəfə hay-küy qaldırmaqla nəyəsə nail olacaq. Ancaq çox keçmədi ki, onların bütün gözləntiləri fiaskoya uğradı. Bəlli oldu ki, Ermənistanın zarıması dünya üçün hansısa əhəmiyyət kəsb etmir. Ona görə ki, dünyada reallıqlar dəyişib. Laçın yolu məsələsinə gəldikdə, Ermənistanın bununla bağlı ortaya atdığı iddiaların əsası yoxdur. Laçın yolunda Azərbaycan fəalları aksiya keçirib qarşı tərəfi öz öhdəliklərinə əməl etməyə çağırırlar. Azərbaycan tərəfi yolu bağlamayıb, onlar sadəcə orada etiraz aksiyaları keçirirlər. Yolu Rusiya sülhməramlıları bağlayıb. Sülhməramlılara lazım olanda o tərəfə də gedirlər, bu tərəfə də gəlirlər. Yaxşı olardı ki, erməni tərəfi məsələyə daha obyektiv yanaşsın. Hesab edirəm ki, Rusiya Laçın yolundan Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Ermənistan rəsmilərinin açıqlamalarından, ölkə mediasında gedən yazılardan bu açıq hiss olunur. Ona görə də Ermənistan rəhbərliyi reallığı dərk etməlidir və Azərbaycanla konstruktiv danışıqlara getməlidir. Bunun başqa yolu yoxdur. Belə oyun oynamaq olmaz. Ya birtərəfli mövqeyini bildirib Azərbaycanla razılığa gəlməlidir, bizim ərazi bütövlüyümüzü tanımalıdır, silahlı qüvvələrini Qarabağdan çıxarmalıdır, separatçı qurumu himayə etməkdən imtina etməlidir, ya da açıq şəkildə bütün kompromislərdən imtina etməlidir ki, biz də öz işimizi bilək. Bu zaman Ermənistan üçün nəticələr fəlakətli olacaq. Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, nə Laçın yolunda, nə də Qarabağda sülhməramlılara ehtiyac olacaq. O cümlədən, Ermənistanın Rusiyadan asılılığı azalacaq”.
Vidadi ORDAHALLI