İran molla rejiminin nəzarətində olan mətbu orqanlardan biri “İran meydana girsin” başlıqlı yazı dərc edərək, ermənilərin mövqeyini dəstəkləyib. Məqalədə Azərbaycanın ermənilərə qarşı “təcridetmə” planı yeritdiyi iddia edilir.
Məqalənin ilk cümləsində Azərbaycan Respublikasının adını qəsdən təhrif edərək, “Bakı Respublikası” ifadəsindən istifadə edilib. Bu, son vaxtlar İran hakimiyyətinə bağlı medianın işlətdiyi ifadədir. Əksər məqalələrdə “Bakı Respublikası” deyə, ölkəmizi aşağılamağa çalışırlar.
Ancaq Azərbaycanlı ətraf mühit fəallarının Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyası Güney azərbaycanlı milli fəallar tərəfindən alqışlanır. Güneyli fəallar sosial mediada azərbaycanlı etirazçıların xəbərlərini yayaraq, aktivistlərin fəaliyyətlərini və apardığı mübarizəni dəstəkləyir.
Güney azərbaycanlıların tutduğu mövqe, təbii ki, İran dövlətinin mövqeyi ilə üst-üstə düşmür. Amma İran rəsmiləri hələlik bu haqda heç bir açıqlama verməyib. İrandakı müxalif siyasi quruluşlar da azərbaycanlı ətraf mühit fəallarının etiraz aksiyasına görə öz “narahatlığını” gizləmir. Başqa sözlə desək, daxildə mübarizə aparsalar da, Azərbaycana münasibətdə mollakratiya ilə müxalifəti birləşir.
İran hakimiyyəti və müxalifətinin bu mövzuda vahid mövqe göstərməsi nəyin əlaməti sayıla bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “ BMT-nin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Qarabağda qanunsuz işlərin qarşısını almaq və mədənlərində monitorinq aparmaq Azərbaycanın haqqıdır. Təəssüf ki, sülhməramlılar Azərbaycan dövlətinin bu təbii hüququnun qarşısını almaq istəyir. Belə olan halda fəalların və Azərbaycan dövlətinin məsələyə etiraz etməsi qaçılmaz olub. Bu baxımdan güneyli azərbaycanlılar fəallarımızın Şuşa-Laçın yolunda Rusiya sülhməramlılarına etirazını dəstəkləyir”.
Partiya sədri hesab edir ki, keçən ay Azərbaycan mediasında 14 nəfər İran vətəndaşının qanunsuz yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı. Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Yaxşı olardı ki, İranın hakim və siyasi dairələri bu məsələyə aydınlıq gətirərdi.
Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur”.
Elşən Həsənov qeyd edir ki, bütün bunlara görədir ki, İran Qarabağda Azərbaycanın daha da möhkəmlənməsini istəmir: “İran hər zaman Etmənistan üçün nəfəslik rolunu oynayıb. İndi də həmin misiyasını davam etdirir. Ancaq onların bu bəyanatları və mövqeləri heç nəyi dəyişən deyil. Çünki Azərbaycan əvvəlki ölkə deyil. Biz çox güclənmişik. İran bu cür addımları ilə özünü biabır edir. Onun daxilindəki xalq isə birmənalı olaraq bizi dəstəkləyir”.
Məhəmmədəli QƏRİBLİ