Aksiyada yolun bağlanmasından söhbət gedə bilməz. “Trend”in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, dünən (çərşənbə günü) olan hadisələr bunun sübutudur.
“Aksiyadakı fəallar orada yaşayan erməni əhalisinə öz kontaktlarını elan edərək humanitar məqsədlərlə yardım edə biləcəklərini qeyd ediblər”, - nazir deyib.
C.Bayramov bildirib ki, Sülh sazişinin təşəbbüskarı ilk gündən Azərbaycan tərəfi olub.
O qeyd edib ki, bütün təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilib.
“Bu ayın sonunadək növbəti raund danışıqlar aparılacaq”, - deyə nazir əlavə edib.
Nazir Ermənistanda və digər ölkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirildiyinə də diqqət çəkib, qeyd edib ki, dekabrn 10-da əvvəlcədən razılaşdırılmış ekoloji monitorinqin keçirilməsi etirazlarla qarşılandı.
"İki qrup erməni aktivistləri provakasiyalarla bunun qarşısını aldılar. Azərbaycan tərəfindən bu xoşniyyətli addımlar nəticə vermədikdən sonra azərbaycanlı aktivistlər məsələyə etiraz etdilər”, - C.Bayramov əlavə edib.
Jurnalistlərə açıqlamasında nazir onu da bildirib ki, dialoqu irəli aparan tərəf Azərbaycan olub.
“Azərbaycanın dialoqa açıq olması bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasının dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın yoluna alternativ yolun çəkilməsi prosesində yerli erməni əhali ilə ünsiyyətlər də oldu, onların bir sıra xahişləri nəzərə alındı”, - deyə nazir əlavə edib.