Erməni jurnalistin Moskvada Rusiya XİN-in rəsmi nümayəndəsi Zaxarovanı növbəti dəfə təxribata çəkmək cəhdi uğursuz olub.
Əvvəldən də gözləndiyi kimi məşhur Türk generalının Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunması ermənilərin nəzərindən qaçmayacaq və bu faktın ətrafında şou və ya təxribat törətməyə çalışacaqlar. Ermənistan təmsilçiləri üçün təsirli nüanslardan biri budur ki, türk generalın Bakıda vəzifə alması Prezident Əliyevin ADA-da o "qanadlı" bəyanatından sonra baş verdi. Belə ki, Əliyev "Türkiyənin ordusu bizim, bizim ordu isə Türkiyənin ordusudur" demişdi. Razılaşaq ki, bu sözlər özünü hər iki ölkənin qəvi düşməni sayan Ermənistana təsirsiz ötüşə bilməzdi.
Budur, ermənilər öz narahatlıqlarını biruzə verdilər, ancaq Zaxarovadan istədikləri cavabı yox, istəmədikləri sözləri eşitdilər. Erməni jurnalist "Türk generalına Bakıda vəzifə verilməsinə necə baxırsınız? Başqa ölkələrin NATO üzvləri ilə yaxın əməkdaşlığına narahat olurdunuz, ancaq bu halda niyə etiraz etmədiniz" deyə soruşdu.
Zaxarovanın cavabı - Sizin nəyə eyham etdiyinizi bilmirəm, biz həmişə demişik ki, hər ölkə istədiyi ölkə ilə hərbi və hərbi-texniki əməkdaşlıq edə bilər, biz sadəcə istəyirik ki, razılaşmalar üçüncü ölkəyə qarşı olmasın və Qafqazda güc balansını pozmasın"...
Zaxarova daha nə deməli idi? Açıq dedi ki, bir generalın vəzifəyə təyinatı üçüncü ölkənin mənafeləri üçün təhlükə ola bilməz və bir generalla qüvvələr balansı dəyişməz. Zaxarova bununla erməni jurnalistini danışdıranlara dedi ki, Türkiyə ilə Azərbaycanın arasında Rusiyanı futbol topuna çevirmək sizin gücünüzdə deyil...
Təbii ki, Zaxarova özü də "süddən çıxmış ağ qaşıq" deyil. Ancaq indiki vəziyyətdə o, erməni jurnalisti məyus etməyə bilməzdi. Əvvəla, Qarabağdakı son oyunlarla Ermənistan Rusiyanı onsuz da Azərbaycan və Türkiyənin qabağında dili gödək vəziyyətə salıb. İkiqat gərginliyə yol açmaq Rusiya üçün sərfəli deyil. İkinci, Zaxarova Rusiya Müdafiə Nazirliyində çoxlu sayda erməninin olduğunu bildiyi halda bir türk generalını ağrılı məsələyə çevirməzdi, hər halda düşüncəsi dərindir...
Zümrüd