“Ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”. Bunu Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxış edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi: “Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən, digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”.
Görünən odur ki, Prezident İlham Əliyev türkdilli ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir.
“Türkdilli ölkələrin strateji əməkdaşlıqlarının daha da genişlənməsinə ehtiyac var”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Azərbaycan mövcud qlobal siyasi mühitdə özünün mühüm yerini tutur və bunun təməlində dayanan daha bir amil də məhz yaranan, eləcə də yarana bilməsi mümkün görünən təhdidlərin mövcudluğudur. Belə bir şəraitin yaranması, söz yox ki, önləyici tədbirlərin görülməsinə də səbəblər yaradır. Prezident İlham Əliyevin bu xüsusda irəli sürdüyü tezislər önəm kəsb edir. Dövlət başçımızın hazırda dünyada yeni çağırışların və təhdidlərin olması yönündə vurğuladığı sözlər də sübut edir ki, digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm kəsb edir. Belə olan halda türkdilli ölkələr arasında əməkdaşlığın perspektivlərini müəyyən etmək, dəqiqləşdirmək və inkişaf etdirmək zərurəti yaranır”.
B.Quliyevin sözlərinə görə, bu kimi məsələlər həssasdır və hazırda türkdilli ölkələr arasında gedən münbit yaxınlaşma, strateji əməkdaşlıq reallığı, söz yox ki, bir sıra siyasi dairələri narahat edir: “Təkcə Türkiyə-Azərbaycan tandeminin Qafqaz regionunda söz sahibinə çevrilməsi də həmin gerçəkliyi əks etdirir. İndi bu tandemin əhatə dairəsi genişlənir və Türkmənistanda baş tutan dövlət başçılarının üçtərəfli görüşləri, habelə imzalanan sənədlər də belə qənaətə gəlməyə zəmin yaradır. O cümlədən, türkdilli ölkələrin digər təmsilçiləri – Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi dövlətlərlə də geniş əməkdaşlıq perspektivləri müəyyən olunmaqdadır. Türkdilli ölkələrin strateji əməkdaşlıqlarının daha da genişlənməsinə ehtiyac var. Bütün bunlar ümumi, vahid strategiyanın yaradılmasına təkanlar verir və qarşıdakı təhdidlərə qarşı birgə mübarizənin aparılmasına da şərait yaradır. Ümumilikdə, türkdilli dövlətlərin bir araya gəldikləri Türk Şurası beynəlxalq miqyaslı birliyə çevrilib və onun əhatə dairəsinin genişlənməsi ilk növbədə həmin ölkələrin yerləşdikləri regionların təhlükəsizlik sahələrinə öz töhfələrini verəcək. Bu baxımdan, Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər əslində bütün məqamlarda önləyici tədbirlərin görülməsi imkanlarını genişləndirir. Düşünürəm ki, bu kimi təklif və təşəbbüslər qısa zamanda özünün uğurlu nəticələrini verəcək”.
Vidadi ORDAHALLI