Ermənistan hakimiyyəti Laçın yolu ilə bağlı hər cür manipulyasiyaya gedir. Ermənistan hakimiyyəti rəsmi səviyyədə Laçın yolunun açılması ilə bağlı həm Rusiyadan xahiş edir, həm də Kremli şantaj edir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın baş verənlərlə bağlı son açıqlaması belə deməyə əsas verir.
A.Simonyan Moskvanı təhdid edərək deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyiblər, növbə Rusiyanındır: “Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz. Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik”.
O həmçinin vurğulayıb ki, gələcəkdə "Dağlıq Qarabağ"ın təhlükəsizliyinin təmin edilməsi üçün Rusiyanın sülhməramlı missiyasına alternativ olan digər variantları nəzərdən keçirmək lazım gələ bilər. Simonyan müşahidəçilərin beynəlxalq mandatını müzakirə etmək üçün tərəfdaşlarla ciddi söhbəti zəruri hesab edir: “ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır. Təbii ki, Ermənistan da, bu kontingentin öz funksiyalarını nə dərəcədə effektiv yerinə yetirməsindən asılı olmayaraq, Rusiya sülhməramlılarının mandatının uzadılmasında maraqlıdır. Amma ola bilsin, biz təkcə Rusiya deyil, həm də beynəlxalq sülhməramlıların iştirakı ilə nəzarət variantını nəzərdən keçirməliyik”.
Bütün bunlar Ermənistanın əsil niyyətini ortaya qoyur.
“Erməni tərəfi yaxşı bilir ki, Azərbaycan heç zaman ATƏT-ə belə bir şans tanımayacaq”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Simonyanın məlum yanaşması prinsipcə yeni deyil: “Əvvəla, Ermənistandakı mövcud Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmaq yolunu tutub. Sözügedən tendensiya 2018-ci ildən özünü müxtəlif formalarda göstərir. Mediada sistematik olaraq Rusiyaya qarşı təbliğat aparılır. Özü də bu, hakimiyyətin tezisləri əsasında həyata keçirilir. Bununla yanaşı, ötən müddət ərzində İrəvanda bir neçə dəfə Rusiya səfirliyi qarşısında aksiya keçirilib. 20 il Köçəryan-Sarkisyan cütlüyü hakimiyyətdə oldu, amma bir dəfə olsun səfirlik qarşısında belə bir aksiya olmadı. Bütün bu və digər proseslər baş verənlərin təsadüfi olmadığını ortaya qoyur. Laçın yolunda baş verənləri Ermənistan rəhbərliyi əlində bayraq edərək Rusiyaya qarşı təbliğatı daha da gücləndirir. Bu istək hələ 2021-ci ildən ortaya atılıb. Paşinyan 2021-ci ilin mayında bəyan etdi ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub. Bununla bağlı üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mədət umdular. Ancaq o zaman KTMT onların tələblərini qəbul etmədi. Çünki bu tələblər indi olduğu kimi, o zaman da əsassız idi. Yəni bunun hansısa ciddi əsası yox idi. Elə o zamandan başladılar Rusiyanı şantaj etməyə ki, bu işə müdaxilə etmirsinizsə, o zaman Fransa və yaxud da digər Qərb ölkələri bunu həyata keçirsin və s. İndi də həmin iddiaları A.Simonyan Qarabağla bağlı ortaya ataraq Rusiyanı şantaj edir. Məsələyə hardan baxsan, düpədüz şantajdı və bunun başqa adı yoxdur. Ermənistan Rusiyanı Qərblə açıq şəkildə şantaj edir. Erməni tərəfi yaxşı bilir ki, Azərbaycan heç zaman ATƏT-ə belə bir şans tanımayacaq. Çünki ATƏT-in Minsk Qrupunun 30 illik səmərəsiz fəaliyyəti ortadadır. Azərbaycanın da bu bədnam qurumla bağlı mövqeyi bəllidir”.
Bu baxımdan İAT sədri hesab edir ki, Ermənistan parlament sədrinin istəkləri reallaşmayacaq.
Vidadi ORDAHALLI