Ermənistanın baş naziri Nikol Paşinyan “Genosid cinayətlərinə qarşı” 4-cü Qlobal forumda çıxış edib və yeni təhdidlərlə mübarizənin vacibliyini vurğulayıb.
Həyasızlığın dərəcəsinə bax ki, Paşinyan Azərbaycanı genosiddə ittiham edib: “Qarabağ sakinləri potensial soyqırımı təhdidi haqda xəbərdarlıq edir. Hazırda gördüyümüz ardıcıl hərəkətlər Azərbaycanın gerçəkdən də Dağlıq Qarabağda soyqırımına hazırlaşması sarıdan narahatlığa əyani sübutdur. Laçın dəhlizi genosidin qarşısını almağın yoludur, bu dəhlizi bağlamaq isə Qarabağ ermənilərini üç ssenari üzrə genosidə məhkum etmək deməkdir: depopulyasiya, milli mənsubiyyətin itməsi və fiziki məhvolma”.
Bununla yanaşı, Paşinyan utanmadan 2020-ci ildə 44 günlük müharibə vaxtı Qarabağın dinc sakinlərinə qarşı zorakılıq və qətllərin törədildiyini, son dövrlərdə kənd təsərrüfatı işlərilə məşğul olan sakinlərin atəşə tuş gəldiyini iddia edib.
“Bunlar reallıq hissini itirib və məqsədləri Azərbaycana qarşı ərazi iddialarını pərdələməkdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Paşinyanın məlum qərəzli fikirlərinə bir neçə aspektdən yanaşdı: “Ermənistan daima öz məkrli siyasətlərini genosidlə pərdələməyə adət edib. Necə deyərlər, bu bir erməni xislətidir. Paşinyan da həmin düşüncənin təmsilçisi olaraq belə danışır. Ümumiyyətlə, burada genosid sözü işlətmək gülüncdür və göründüyü kimi, dünyanın da bu boş hay-küyə reaksiyası yoxdur. Bilirlər ki, Ermənistan rəhbərliyi yalan danışır və baş verənləri təhrif edir. Laçın dəhlizində sivil vətəndaş cəmiyyətinin etirazına genosid deyən Nikol Paşinyanla ümumiyyətlə sülh əldə etmək çətin görünür. Problem ondadır ki, bunlar reallıq hissini itirib və məqsədləri Azərbaycana qarşı ərazi iddialarını pərdələməkdir. Qeyd edim ki, Azərbaycan sivil vətəndaş cəmiyyəti nümayəndələrinin yolu bağlaması İranın da Qarabağda terrorçu siyasətinin qarşısını alır. İran Qarabağa hərbi təlimatçılar göndərir və bunlar da SEPAH üzvüdür. SEPAH da beynəlxalq birlik tərəfindən terrorçu təşkilat kimi tanınır. Göründüyü kimi, Ermənistan İranla birgə hərəkət edib, Azərbaycana qarşı yeni soyqırım planlaşdırırmış. N.Paşinyanın bu bəyanatları absurddur və real mənzərə ondan ibarətdir ki, Ermənistan Qarabağda silahlanma işi aparır”.
Vidadi ORDAHALLI