“Azərbaycanlıların Qarabağdakı yataqlara getməsi ilə bağlı razılaşma var idi”. Bunu Ermənistan parlamentində keçirilən brifinqdə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, bu, mövcud razılaşmanın nəticəsidir: “Ekoloqların Kaşen yatağına getməsi mövcud razılaşmaların nəticəsidir. Bu razılaşmaların kimlər arasında əldə olunduğunu deyə bilmərəm. Yoxsa ekoloqlar sadəcə olaraq bayraqları götürüb Qarabağın istənilən nöqtəsinə gedə bilməzdilər. Yəni onların ora getməsi üçün razılaşmalar var idi və bu, lazımsız gərginlikdən qaçmaq üçün edilib”.
Bununla əslində hakim partiyanın təmsilçisi separatçıları dolayı olaraq ittiham edir ki, onlar razılaşmanın həyata keçirilməsini pozublar. Faktiki bununla etiraf edirlər ki, ekoloqların işini ermənilər pozub.
“Yəni bizlik bir şey yoxdur, separatçılar rəsmi İrəvanla hesablaşmır”
Məsələyə münasibət bildirən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun sözlərinə görə, Ermənistan həmişə olduğu kimi, bu dəfə də razılaşmaları pozur və götürdüyü öhdəliklərə əməl etmir: “Son günlər Qarabağda artan təxribatlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirmək istədiyi monitorinqlərə yaradılan süni maneələr bunu deməyə əsas verir. Ermənistan tərəfinin və Qarabağdakı separatçıların belə pozucu fəaliyyəti təkcə onlardan qaynaqlanmır. Bu, həm də Rusiyanın regionda yeritdiyi siyasətdən irəli gəlir. Sülhməramlılar onların pozuculuq hərəkətlərinə adekvat reaksiya versəydilər, onlar buna cəsarət etməzdilər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qarabağdakı separatçılar əsasən Rusiyaya tabedilər və Kremldən gələn təlimatla hərəkət edirlər. Fikrimcə, A.Köçəryan bununla işarəni Rusiyaya edir. Bu o deməkdir ki, Qarabağda üçüncü tərəf gərginlik yaratmaq istəyir. Yəni bizlik bir şey yoxdur, separatçılar rəsmi İrəvanla hesablaşmır. Bütün bunlar separatçıların ətrafında olan havadarlar tərəfindən qızışdırılır. Ancaq bu, beynəlxalq konvensiyalara ziddir. Bu da Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Ona görə də məsələnin kökünə geniş müstəvidə yanaşmaq lazımdır. Biz postkonflikt dövründə uğurla addımlamaq istəyiriksə, Ermənistan öhdəliklərini pozmamalıdır. Separatçıları ram etmək üçün gərəkən addımları atmalıdır. Həmçinin, xarici oyunçuların onlardan bir vasitə kimi istifadə etmələrinə imkan verməməlidilər”.
Sosioloq onu da əlavə etdi ki, Azərbaycan son dərəcə ayıq olmalıdır.
Vidadi ORDAHALLI