Rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ekoloji monitorinq aparmaq istəyində israrlıdır. Bununla bağlı sülhməramlı kontingentin rəhbərliyi ilə danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin iştirakı ilə Xocalıda ikinci görüş keçirilib.
Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risqlərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Ancaq biz görürük ki, sülhməramlılar ekoloqlarmızı sözügedən yataqlara buraxmamaqla bağlı israrlı mövqe ortaya qoyurlar. Məhz buna etiraz olaraq, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri iki gündür ki, Xankəndi-Laçın yolunu bağlayıb.
Rus sülhməramlılarının bu israrlı mövqeyi nə ilə bağlıdır? Ola bilərmi ki, onlar Moskvadan xəbərsiz olaraq separatçılarla əlbir olub yataqları istismar edib, pul qazanırlar?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sülhməramlıların bu addımı özfəliyyət deyil: “ Düşünmürəm ki, onlar bunu öz şəxsi maraqlarına görə edirlər. Moskvanın hakim dairələrində olan adamların həmin mədənlərdən gəlir götürməsi inandırıcıdır. Həmin dairələrin də Moskvanın qərarlarına təsir etmək gücləri var. Çünki araşdırılsa məlum olar ki, mədənləri istismar edənlər Rusiya şirkətləridir. Birbaşa olmasa da, dolayısı ilə Rusiyaya bağlıdır. Əks təqdirdə, bizim mütəxəssislərin ora buraxılmasına icazə verilərdi. Ekoloqlar və digər dövlət qurumlarının nümayəndələrini ora buraxmaq səlahiyyəti Qarabağdakı kontingentin rəhbərliyinə aid deyil. Formal olaraq səlahiyyəti var, ancaq realda qərar qəbul etməyə gücü çatmır. Məsələ onlara bağlı olsaydı, onda iki gündür orada yaşananlardan sonra buraxılmaq qərarı verilərdi. Aksiyanın səsi mütləq Moskvaya çatıb. Deməli, bu məsələdə qərarı Rusiyanın siyasi dairələri verir”.
Ekspertin sözlərinə görə, yatağı işlətdikdə, torpağa da nəzarət etmək lazımdır ki, onlar həmin diqqəti göstərmirlər: “ Çünki ermənilər bunda maraqlı deyil. Bu bizim torpaqlarımızdır, onlara isə sadəcə qazanc lazımdır.
İşğaldan azad olunmuş ərazilərimizdə meşələr yandırılıb və qırılıb. Bu, ekologiya üçün çox böyük zərərdir. Sülhməramlıların davranışı isə siyasətdir. Rus sülhməramlılarına nəzarət edənlər göstərmək istəyir ki, bu ərazi onların nəzarəti altındadır. Bizim mütəxəssislər nəsə qanunsuzluq aşkar etsələr, birbaşa onların imicinə təsir göstərəcək. Düşünürəm ki, həmin əraziyə monitorinq qrupunun göndərilməsi çox düzgün addımdır. Azərbaycan tərəfi növbəti dəfə nümayiş etdirir ki, öz ərazisində sərbəst hərəkət etmək hüququna malikdir. Biz bu hüququmuzu maksimum dərəcədə istifadə edirik və bizim üçün əsas məsələ ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı, etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır.
Müxtəlif güclər sülh prosesinə qarşı çıxsalar da, sülhməramlılar azərbaycanlı ekoloqları əraziyə buraxmasalar da Azərbaycan öz istəyinə çatacaq”.
Məhəmmədəli QƏRİBLİ