Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib.
Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib.
Bildirilir ki, Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur: “Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.
Bu vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”.
Sülhməramlılar bu notaya məhəl qoymasa, Azərbaycanın növbəti addımı nə olacaq?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlıları bölgəyə gəldikləri gündən öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: “Onlar ilkin olaraq bölgədəki erməni silahlı qüvvələrini çıxarmalıydılar. Ancaq belə olmadı. Başda erməni separatçıları: Arutunyan və Balasanyan olmaqla, onlar hələ də Qarabağdadırlar. Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişi var. Orada cinayətkarların bir-birinə təhvil verilməsi ilə bağlı məsələ də öz əksini tapır. Onlar ermənilərin yaşadıqları Əsgəran, Xocalı, Xankəndidə Azərbaycan bayraqlarının qaldırılmasını təmin edə bilərdilər. Sülhməramlılar hətta hamının gözü qarşısında “formada” olan separatçıları milis adlandırır. Separatçılar dəfələrlə atəşkəsi pozsa da, onlara qarşı heç bir tədbir görülməyib. Hətta postumuza qumbara atan ermənini psixi xəstə adlandırdılar. Azərbaycan tərəfi dəfələrlə çalışıb ki, sülhməramlılarla yaxından əməkdaşlıq eləsin. Onlar isə verdikləri vədləri yerinə yetirmirlər. Ermənistandan edilən qeyri-qanuni səfərlərin qarşısını da almırlar. Hətta Fransa və digər xarici ölkələrdən belə ora səfər edənləri buraxırlar. Rusiya gətirib öz nəzarətində olan bir milyarderi orada “vəzifəyə” təyin edib. Bütün bunların bir sonu olmalıdır. Bunlar azmış kimi, hələ bizim mülki missiyaıarımızı da monitorinqə buraxmırlar. Axırda biz məcbur qalıb, sülhün və təhlükəsizliyin təminatını öz üzərimizə götürməli olacağıq. Biz öz ərazimizdə istədiyimiz yoxlamanı həyata keçirə bilərik. Postlara nəzarət edə bilmirlərsə, bizim dövlət strukturlarını ora cəlb etsinlər. Əgər bizim son notamıza məhəl qoyulmasa, qısa zaman ərzində biz orada pasport yoxlama rejimi həyata keçirıcəyik. Görək, kim orada köhnədən yaşayır, kimlər sonradan və hansı məqsədlə gəlib. Bizdə həmin məlumatların hamısı var. Sadəcə, tutuşdurmaq lazımdır. Azərbaycan dövlətinə qarşı cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidir. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər isə ərazimizdə yaşaya bilər. Rus sülhməramlıları bundan nəticə çıxarmalıdır. Azərbaycan 90-cı illərdəki ölkə deyil. Azərbaycan silahlı qüvvələri öz milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini qorumaq gücündədir. Buna əməl etməsələr, sülhməramlılar son şanslarını da itirmiş olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ