Müşahidələr göstərir ki, Ermənistan 10 noyabr kapitulyasiya aktının özünə sərf eləməyən bəndlərini açıq-aşkar sabotaj yolunu tutub. Faktiki olaraq, rəsmi İrəvan 10 noyabr Bəyannaməsinə əməl etmir. Bu isə sənədin tam qüvvədən düşməsinə və hərbi əməliyyatların bərpasına gətirə bilər.
Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin hakim “Mülki müqavilə” partiyasından olan deputatların suallarını cavablandırarkən növbəti dəfə təxribatçı fikirlər səsləndirib. A.Mirzoyanın sözlərinə görə, Ermənistanın Qarabağda ordusu yoxdur və “Qarabağ özünümüdafiə ordusu”nun adının özü onun birbaşa məqsədindən xəbər verir: “Ermənistanın Dağlıq Qarabağda heç bir silahlı birləşməsi yoxdur. “Artsax” ordusu respublika sakinlərini qırılıb məhv olmaqdan qoruyur. Bu gün ona həmişəkindən daha çox ehtiyac var. Onlar (azərbaycanlı hərbçilər) Dağlıq Qarabağ ermənilərinə atəş açmaqda davam edirlər. Onlar hər cür təzyiqlərə məruz qalırlar. Qazı kəsirlər. Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə təhlükəsi aradan qalxanda, düşünürəm ki, Qarabağ erməniləri digər mümkün ssenariləri müzakirə edə biləcəklər. Lakin hazırda biz ancaq bunu qeyd edə bilərik ki, onların faktiki mövcudluğuna təhlükə var”.
Görünən odur ki, Ermənistan getdikcə daha həyasız formada üzərinə düşən öhdəliklərdən imtina edir.
“Budəfəki əməliyyatlar sentyabrda baş verənlərdən daha sərt olacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Azərbaycan davamlı olaraq belə təxribatçı açıqlamalara dözməyəcək, amma hər şeyin öz vaxtı var: “Əvvəla, “Dağlıq Qarabağ” ifadəsi, elə bir ərazi vahidi yoxdur. Qarabağ var və o da Azərbaycanın tərkib hissəsidir. Digər tərəfdən, 44 günlük Vətən savaşında heç bir qüvvə Azərbaycan Ordusunun qarşısında dayana bilmirdi. 10 noyabrda qarşılıqlı razılaşma əldə olundu. Həmin vaxt qan tökülməsin deyə, atəşkəs əldə olundu. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüş olmadan Azərbaycanın nəzarətinə keçdi. Ancaq ermənilər o qədər murdar varlıqdılar ki, onlara verilən vaxt ərzində ağacları kəsdilər, əraziləri minaladılar. Bir müddət keçəndən sonra Ermənistan yavaş-yavaş üzərinə götürdüyü öhdəliklərdən yayınmağa başladı. Mirzoyanın məlum açıqlaması da erməni həyasızlığının bir göstəricisidir. Rəsmi şəkildə Ermənistan 10 noyabr öhdəliklərini sabotaj edir. Əvvəl bəyan edirdilər ki, sentyabra qədər bütün Ermənistan silahlı birləşmələri Qarabağdan çıxarılacaq. İndi isə həyasızcasına bəyan edirlər ki, orada Ermənistana məxsus ordu yoxdu. “Arsax ordusundan” bəhs edirlər. Bütün bunlar o deməkdir ki, qarşı tərəf bizim səbrimizlə oynayır. Ancaq Azərbaycan da bunu belə buraxmayacaq. Çünki bizim ərazi bütövlüyümüz dünya ictimaiyyəti tərəfindən tanınıb. Onun içində Xankəndi, Xocalı, Ağdərə və hələ də separatçıların nəzarətində olan digər yaşayış məntəqələrimiz də var. Ona görə də Qarabağda etnik ermənilərə hansısa xüsusi status verilməyəcək. Azərbaycan vətəndaşları hansı qanunlarla yaşayırsa, onlar da həmin qanunlarla yaşamalıdır. Antiterror əməliyyatlarının zamanı var və hadisələri qabaqlamaq olmaz. Bəlli bir məqamda bunun baş verməsi qaçılmazdır”.
Hərbi ekspert onu da əlavə etdi ki, budəfəki əməliyyatlar sentyabrda baş verənlərdən daha sərt olacaq.
Vidadi ORDAHALLI