Hər il inanclı insanlar Kərbəlanı, Məşhədi ziyarət edir. Ancaq bu il Məşhəd ziyarətinin mümkün olmayacağı barədə məlumatlar yayılır. Belə ki, yayılan məlumatlara görə, ziyarətə getmək istəyən zəvvarlarla bağlı İran hakimiyyətinin xüsusi planları var. Bu planların mahiyyəti isə Azərbaycandan gedəcək zəvvarları izləmək, onların orda nə etdiklərini araşdırmaqdır. Zəvvarların şəxsi həyatı ilə bağlı məlumat əldə edildikdən sonra bu informasiyalar sayəsində azərbaycanlıları təsir altına almaq istəyirlər. İran hakimiyyətinin Azərbaycandan gedəcək şəxsləri İran xüsusi xidmət orqalarının təsiri altına almaq kimi planları da var. Eyni zamanda, həmin şəxsləri Azərbaycan əleyhinə casusluğa məcbur etmək istəyirlər.
Danılmaz faktdır ki, bu gün İranın Azərbaycana münasibəti heç də xoş deyil. Qeyd edilən ölkə Azərbaycana qarşı düşmənçilik siyasəti aparır. Bu səbəbdən məlumat yayılıb ki, İran xüsusi xidmət orqanları ziyarətə gedəcək azərbaycanlı zəvvarlarla bağlı xüsusi plan hazırlayır.
“Əsas məqsəd ziyarət deyil, məqsəd o adamları aparıb, İranda ya şantaj videoları çəkib sonra ələ almaq, ya da birbaşa xüsusi xidmət orqanlarının əlində casusa çevirməkdir”
Mövzu ilə bağlı fikir bildirən tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu təzə fakt deyil: “Biz müstəqil olandan İran Azərbaycandan ora ziyarət adı ilə gedən insanları, oxumaq adı ilə gedənləri xüsusi xidmət orqanlarına cəlb edir, təsir altına salır. Onların burada xüsusi adamları var. O adamlar çox ucuz qiymətə ziyarət turları təşkil edirlər. Çünki əsas məqsəd ziyarət deyil, məqsəd o adamları aparıb İranda ya şantaj videoları çəkib sonra ələ almaq, ya da birbaşa xüsusi xidmət orqanlarının əlində casusa çevirməkdir.
Hazırda Azərbaycanda İranın kifayət qədər əlaltısı, casusu var. Vaxtında çox boşluq buraxılıb. Bəzi məmurlar buna şərait yaradıb. İran nəinki ölkədəki əhalini, ölkə kənarında yaşayan azərbaycanlıları belə məzhəbçilik adı altında Azərbaycan dövləti əleyhinə çevirir.
İndi daha da fəallaşıblar. Odur ki, bütün ziyarət turlarının qarşısı alınmalıdır. İran üslubunda din adı altında fəaliyyət göstərən hər kəs, İran müctəhidlərini təqlid edən hər kəs nəzarətə götürülməlidir. Çünki o adamlar partlamamış minadır Azərbaycan üçün”.
Günel CƏLİLOVA