Qarabağdakı separatçılar sərsəm istəklərini dilə gətirməkdə davam edirlər. Özlərinin Qarabağda qanunsuz məskunlaşması az imiş kimi, indi də sülhməramlıların arvad-uşağının, ailəsinin Azərbaycan ərazisinə gəlməsini istəyirlər.
Yayılan məlumatlara görə, Qarabağdakı erməni separatçıları Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentindən öz ailələrini Qarabağa, xidmət etdikləri ərazilərə gətirməyi xahiş ediblər.
Mətbuatın istinad etdiyi mənbə iddia edir ki, bununla əlaqədar separatçılar Rusiya Federasiyasının yuxarı instansiyalarına müraciət edib və rusiyalı hərbçilərin ailə üzvlərinin Qarabağa yerləşdirilməsinə dair təminat da alıblar.
Separatçılar hesab edirlər ki, 1 500 sülhməramlı ailəsinin Qarabağa yerləşdirilməsi onlara Azərbaycan ərazilərində öz mövcudluqlarını qorumaq üçün hansısa əsas yaradacaq.
Bilirik ki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək rəsmilərinin dilindən “Qarabağda hər hansı qanunsuz məskunlaşdırılma, köçürülmə, yerləşdirilmə aparıla bilməz” bəyanatı səsləndirilib. Dəfələrlə qeyd edilib ki, orada yaşayan mülki şəxslər Azərbaycan vətəndaşlarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduqları hüquq və təminatlara malikdirlər.
Gəlin, burada iki əsas istiqamətə baxaq: birincisi, sülhməramlıların ailələrinin Qarabağa gətirilməsində separatçıların marağı nədən ibarətdir? Digər tərəfdən də, sülhməramlıların öz ailələrini Qarabağa gətirməsi nə dərəcədə qanuni sayıla bilər?
Çünki biz ora başqa ölkələrin vətəndaşlarının yalnız sülhməramlı qismində gəlməsini qəbul etmişik, arvad-uşağın gəlməsi isə artıq qanunsuz miqrasiyadır. Sözsüz ki, onların ailəsinin gəlib orada yaşamaq ixtiyarı yoxdur. Sülhməramlılar hərbi xidmətdədirlər və onlara verilən müddətə qədər hərbi xidmətlərində olsunlar, o halda ailə-uşağlarının Qarabağa gətirmələri nə deməkdir?
“Rusiya sülhməramlılarının ailələrinin Qarabağda məskunlaşdırılması mümkün deyil, bu, qanuna ziddir, qanunsuz miqrasiyadır”
Siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a şərhində bildirdi ki, cinayətkar dəstə, separatçılar daim bu kimi təxribatçı işlərlə məşğul olublar. R.Rəsulov qeyd edir ki, separatçıların öz yerlərini möhkəmləndirməsi üçün bu kimi sərsəm çağırışlar etməsində təəccüblü bir şey yoxdur. “Suda boğulan saman çöpündən yapışan kimi, separatçılar da son anda sülhməramlıların arvad-uşağının arxasında gizlənmək istəyirlər. Onlar xilas olmaq üçün müxtəlif “ideyalar”la müraciət edirlər, çağırışlar edirlər. Təbii ki, bunların hamısı qeyri-ciddi iddialardır. Bu iddiaların əsassız olduğunu bir neçə istiqamətdə şərh edə bilərik. Birincisi, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin sayının 1000-dən artıq olduğunu nəzərə alsaq, onların ailə üzvlərinin də ora gətirilməsi üçün ilk növbədə gələnlərin də sosial təminatı lazımdır. Sosial təminatın haradan, necə alınması isə sual altındadır. Bildiyimiz kimi, Rusiya Ukraynada müharibə aparır və bu müharibənin gündəlik xərcləri milyardlarla ölçülür. Hazırda Rusiyanın iqtisadi cəhətdən zəifləməsi, o cümlədən sanksiyalarla üz-üzə qalması, eyni zamanda hərbi xərclərinin yetməməsi, üstəlik də Qarabağa təminat yönəldilməsi mümkünsüz görünür. İstəsə belə, bunu edə bilməz. İkinci amil də budur ki, separatçıların özləri də Rusiyadan hərbçi ailələrinin gətirilməsinin qarşılığını maddi cəhətdən ödəmək imkanında deyil. Bu mümkünsüzdür. Söz yox ki, Azərbaycan da buna qəti olaraq rədd cavabı verir və buna imkan da verilə bilməz. Digər tərəfdən də, məsələ ondadır ki, Qarabağda separatçıların bu kimi “tələblərinin” qarşısı alınmalıdır. Rusiya sülhməramlılarının ailələrinin Qarabağda məskunlaşdırılması mümkün deyil, bu, qanuna ziddir, qanunsuz miqrasiyadır. Əgər buna cəhdlər olarsa, bu açıq şəkildə qanunsuz addım olardı, qanunsuz məskunlaşdırma sayılardı. Ümumiyyətlə, Rusiya sülhməramlılarının ailəsi ilə bağlı məsələ üçtərəfli bəyanatda yoxdur. Bu, üçtərəfli bəyanata da ziddir. Bu baxımdan hesab edirəm ki, rəsmi Bakı bu məsələdə qətiyyət nümayiş etdirəcək, buna heç zaman imkan verməyəcək. Hətta buna cəhd edilsə belə, Bakı bu cəhdlərin qarışısını alacaq”-deyə R.Rəsulov qeyd etdi. Separatçıların sülhməramlıların arvad-uşaqlarını özlərinə qalxan etmək istədiklərini deyən R.Rəsulovun fikrincə, bu xam xəyaldır və eyni zamanda da qanuna ziddir.
Qarabağda mis, qızıl və s. yataqlarımızın istismarı ilə bağlı son bir neçə gündə baş verənlərlə bağlı Azərbaycan tərəfinin qəti tələbləri dövlətimizin qətiyyətli mövqeyinə misaldır deyən R.Rəsulov eyni zamanda qeyd etdi ki, Rusiya sülhməramlılarının ailələrinin ora gətirilməsi məsələnin qarşısı da məhz bu cür qətiyyətlə alına bilər. “Daha bir fakt budur ki, Qarabağ separatçıları Azərbaycanla Rusiya arasında hərbi qarşıdurma yaratmağa cəhd edirlər. Bu hərbi qarşıdurmanın da yaranması eyni zamanda separatçıların beynəlxalq sülhməramlı qüvvələrin Qarabağa gətirilməsi “ideyası” ilə çıxış etməsinə səbəb ola bilər”.
R.Rəsulov qeyd etdi ki, sepratçılar Azərbaycan və Rusiyanı üz-üzə gətirmək istəyir, məqsəd isə bura Fransa, Kanada kimi ermənipərəst ölkələrin sülhməramlılarını gətirməkdir... O vurğuladı ki, separatçılar hazırda Azərbaycanla rus sülhməramlılarının münaqişə etməsini istəyir.
Əli TURABOV