Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, ölkə başçılarının növbəti görüşü ilə bağlı bütün variantları müzakirə edirlər. O bildirib ki, Azərbaycan liderinin 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşdən imtinasından sonra yeni problemlər yaranıb:
“Ermənistan görüşün mümkünlüyü ilə bağlı variantları incələyir – ola bilsin ki, Sankt-Peterburq, Brüssel və yaxud başqa yerdə görüş baş tutsun”.
7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşə bir neçə gün qalmış Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun iştirakı şərtini irəli sürmüşdü. Rəsmi Bakı İrəvanın şərtini qəbuledilməz adlandıraraq, bunu görüşdən imtina kimi qiymətləndirmişdi.
Qriqoryan görüşün baş tutmasının səbəbini niyə özlərinin irəli sürdüyü yersiz şərtlə deyil, güya bizim imtinamızla əlaqələndirmək istəyir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ku, danışıqların aparılmasına maneçilik törədən ölkə Azərbaycan deyil, Ermənistandır: “Ermənistan müxtəlif siyasi manipulyasiyalar edərək, məsuliyyətdən yayınmağa çalışır. Amma reallıq budur ki, sülh prosesinə zərbə vuran yeganə qüvvə Paşinyan hakimiyyəti və onun havadarı olan ölkələrdir. Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqlar masasına Fransanı cəlb etməklə mövqelərini gücləndirməyə çalışır. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Fransanın danışıqlarda iştirak etməyə haqqı və hüquqi əsası yoxdur. Xüsusilə də nəzərə alınmalıdır ki, Farnsa dövləti uzun illərdir Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyir. Son dövrlərdə isə bu yaramaz addımlar Fransa Prezidenti Makron tərəfindən atıılır və Azərbaycan dövləti tərəfindən qəbuledulməzdir. Ermənistanın işğalçılıq və separatçılıq siyasətini açıq-açığına dəstəkləyən Fransa hansı sifətlə sülh prosesinə müdaxilə edə bilər?
Azərbaycan tərəfi bütün bunları nəzərə alıb dekabrda nəzərdə tutulan görüşdən haqlı olaraq imtina edib. Səbəb isə aydındır. Ermənistanın qeyri-konstruktivliyi və havadarlarının riyakarlığı, onların qızışdırıcı mövqe tutması faktiki olaraq prosesi əngəlləyir. Odur ki, Ermənistan tərəfinin Azərbaycanı ittiham etməsi yersiz və gülüncdür. Ermənistan bilməlidir ki, münasibəltlərin normallaşdırılması prosesinə kənar qüvvələri cəlb etmək istəkləri yolverilməzdir. Hansısa ölkələrə güvənmək, himayədar axtarmaq heç bir nəticə verməyəcək. Paşinyan hakimiyyətini gec-tez Azərbaycanla münasibətləri normallaşdırmalı, ölkəmizin ərazi bütüvlüyünü tanımalı, sülh müqaviləsi imzalamalıdır. Çıxış yolu budur”.
Xatırladaq ki, Azərbaycan lideri noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən beynəlxalq tədbirdə dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Səbəb kimi də Ermənistan tərəfinin danışıqlarda Fransa prezidentinin iştirakında israr eləməsini göstərib. Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi görüşdən imtina etmədiyini və onun keçirilməsinə mane olmadığını bəyan edib. Ermənistan XİN həmçinin iddia edib ki, Praqadakı son görüş Fransa prezidentinin iştirakı ilə dördtərəfli formatda keçirilib və guya oxşar formatda görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Göründüyü kimi, İrəvan nikbindir, Bakı isə görüş naminə görüşlərə qatılmayacağını dəfələrlə bildirib. Xüsusən də sülh prosesini tormozlamaq üçün əlindən gələni edən Fransanın prezidenti Emmanuel Makronun da qatılacağı görüşlərə.
Məhəmmədəli QƏRİBLİ