Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə dekabrın 17-də "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcək. Bu barədə baki-xeber.com-a BAO sədrinin müavini, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəsləfə doktoru Faiq Ələkbərli məlumat verib.
F.Ələkbərli qeyd etdi ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr. Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.
“II BütövAzərbaycan Forumunu keçirməkdə əsas məqsədimiz ilk növbədə Azərbaycanın Güneyi ilə bağlı məsələləri dəqiqləşdirməkdir. Hazırda İran adlanan ölkədə gedən proseslərlə əlaqədar hansı yol xəritəsi izləməliyik? Yəni orada yeni bir dövlətin yaranması, yoxsa İranın federallaşması məsələsidir? Əsas bu məsələyə diqqət yetiriləcək. Azərbaycanın güneyində baş verənlər, soydaşlarımızın vəziyyəti ən önəmli proseslərdir. Eyni zamanda da İran adlanan ölkədə yaşayan bütün xalqların, xüsusilə də Azərbaycan türklərinin gələcəyi ilə bağlı yol xəritəsini cızmaq istəyirik. Bununla da bağlı II Bütöv Azərbaycan Forumunda tanınmış insanlarımız iştirak edəcək. Millət vəkillərini, ziyalıları dəvət etmişik. Azərbaycanımızın güneyindən və qüzeyindən olan bir çox tanınmış insanlar bu foruma qatılacaq, öz fikirlərini bölüşəcəklər. Xüsusən də Azərbaycanın güneyində olan bir çox təşkilat rəhbərlərini bu foruma dəvət etmişik, gəlib burada fikirlərini deyəcəklər”.
F.Ələkbərli qeyd etdi ki, eyni zamanda Kərkükdən, Dərbənddən, Borşçalıdan, eləcə də azərbaycanlıların yaşadığı digər yerlərdən də iştirak edənlər olacaq. “Biz I Bütöv Azərbaycan Forumunu keçirəndə çox mühüm nəticələr əldə etmişdik. Şübhəsiz ki, I forumun nəticələrini də qiymətləndiririk ki, bu gün belə bir şərtlərə gəlib çatmışıq. II Bütöv Azərbaycan Forumunun daha böyük nəticələr, uğurlar əldə edəcəyinə ümid edirik”-deyə F.Ələkbərli qeyd etdi.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu 17.12.2022-ci il tarixində saat 12:00-da "Astoria Bakı" otelinin konfrans salonunda keçiriləcək.
İradə SARIYEVA