Avropa İttifaqı iqtisadi inkişaf üçün Azərbaycana iki milyard avro ayırır. Belə ki, Avropa İttifaqı iqtisadiyyatın gələcək şaxələndirilməsi, iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi üçün Azərbaycana 2 milyard avroya qədər vəsait ayıracaq.
Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin yaydığı məlumatda deyilir: “Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Avropa İttifaqının İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndirici orqan Avropa İnvestisiya Bankı Avropa Yenidənqurma və İnkişaf Bankı, habelə Avropa İttifaqına üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə “Avropa komandası” ruhunda investisiyaları istiqamətləndirəcək və prioritetləşdirəcək. Bu, ölkəyə 2 milyard avroya qədər investisiya cəlb etmək üçün Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək”.
Ancaq nəzərə almaq lazımdır ki, əhalisi Azərbaycandan 3 dəfə az olan Ermənistana Avropa İttifaqı müxtəlf proqramlar çərçivəsində üst-üstə 6 milyard avro yardım etməyi nəzərdə tutub. Prezident İlham Əliyev bir neçə dəfə bunu Aİ rəsmilərinə irad tutub. Ölkə başçısı 2022-ci ilin aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Aİ-nin bu ədalətsiz yanaşmasını xüsusi qeyd etdi: “Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edəndə, əlbəttə ki, biz ən yüksək səviyyədə səsimizi ucaltdıq. Bu, bir daha ikili standartların təzahürü idi. Ermənistanda bir dənə də olsun ev dağıdılmayıb. Nə üçün onlara 2.6 milyard verilir? Həmin vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. O ölkəyə ki, onun 10 min kvadratkilometrlik ərazisi tamamilə dağıdılıb. Bunun cavabı olmadı. Biz bilirik ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə, heç kəs yardım etmir”.
Görünən odur ki, Prezidentin sərt tənqidindən sonra Aİ Azərbaycana göstərilən yardımın həcminə yenidən baxıb. Yəni məbləğ artırılır. Ancaq buna rəğmən, yanaşma yenə ədalətli deyil. Ona görə ki, Azərbaycanın əraziləri işğal olunandan sonra bütün yaşayış məntəqələri məhv edilib. Həmin yaşayış məntəqələrinin bərpası üçün milyardlarla vəsait lazımdır. Təkcə minaların təmizlənilməsi üçün 25 il vaxt və 30 milyard manat vəsaitə ehtiyac var. Eyni zamanda, işğaldan azad edilən rayonlarda “Ağıllı kənd” layihələri həyata keçirilir.
Bütün bunların fonunda 2 milyard avro nədir ki? Üstəlik, hələ bəlli deyil bu vəsait hansı formada, hansı şərtlər daxilində veriləcək.
“Azərbaycana belə ədalətsiz münasibət bir sıra faktorlardan irəli gəlir”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Avropa İttifaqının yardımla bağlı yanaşması bütün iqtisadi və digər parametrlərə ziddir: “Azərbaycanın həm əhalisinin sayı, həm də ərazisi Ermənistandan 3 dəfə böyükdür. Ən başlıcası, işğala və bunun nəticəsində böyük miqyasda dağıntılara məruz qalan tərəf Ermənistan yox, Azərbaycandır. Ermənistan əhalisi heç 3 milyon nəfər deyil. Müharibə dövründə Ermənistanın yaşayış məntəqələri dağıntılara məruz qalmayıb, əraziləri minalanmayıb. Başqa bir tərəfdən, Azərbaycan Avropanın qazla təmin olunmasına töhfə verir. Qarşıdakı illərdə Avropaya elektrik enerjisinin də ixracı gündəmdədir. Bütün bunları nəzərə alanda, əslində Avropa İttifaqı Azərbaycana nəinki 2 milyard, 10 milyard avro yardım etməlidir. Avroittifaq üçün bu elə böyük məbləğ də deyil. Aİ Ukraynaya on milyardlarla yardım edir. Sıra Azərbaycana gəldikdə isə bütün qapılar bağlı olur. Hesab edirəm ki, Azərbaycana belə ədalətsiz münasibət bir sıra faktorlardan irəli gəlir. Bura ikili standartlar, Ermənistanın himayə olunması və xristian faktoru daxildir. Məhz bu səbəblərdən belə vəziyyət yaranıb”.
Vidadi ORDAHALLI