Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir:
“Mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
Göründüyü kimi, Prezident Azərbaycanın konkret vaxtda sülh sazişi ilə bağlı bütün problemləri həll edəcəyini açıqlayıb. Maraqlıdır, bəs Ermənistan necə, deyilən vaxtda sazişi imzalamağa hazır olacaqmı? Bundan yayınsa, Rusiya və Avropa hansı addımları ata bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq Ermənistanın daxili ictimai rəyində bu prosesə hazırlığın getdiyi haqda məlumatlar yayılır. Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıqla məşğul olan İşçi Qrup yaradılıb. Deyilir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu prosesdə iştirak edir. Əldə olan məlumata görə, sənədin hazırkı nümunəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və Ermənistan və Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması qeyd olunur. Yəni proses Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında həyata keçiriləcək. Sülh sazişinin imzalanmasını həm Rusiya, həm də Avropa istəyir. Əslində Ermənistan bu şərtləri çoxdan qəbul edib. Sadəcə, prosesi bir qədər uzatdılar ki, bəlkə hansısa güzəşt əldə edə bilsinlər. Gördülər ki, statusla bağlı məsələdə Ermənistana heç bir güzəşt edilmədi. Azərbaycan prinsipiallıq göstərərək Laçın dəhlizini bağladı. Hazırda Avropa Birliyi ilə Rusiyanın arasında vasitəçilik missiyası üzrə rəqabət gedir. Nəticənin alınmasını hər iki tərəf istəyir. Ermənistanın bütün manevr imkanları bitib. Onun sülh sazişini imzalamaqdan başqa çarəsi yoxdur. Sözügedən sazişin imzalanması tarixi ilə bağlı dəqiq məlumat olmasa da, cari ilin noyabrında bu baş tuta bilər. Ermənistan prosesi bir qədər yubada bilər, ancaq sazişi imzalamaqdan boyun qaçıra bilməz”.
Məhəmmədəli QƏRİBLİ