“Biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq”. Bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycana qaz ixracını artırmaq üçün yeni kəmər tikmək yox, kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq: “Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir. Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var”.
Görünən odur ki, Prezident İlham Əliyev Azərbaycanın qaz strategiyasını aydın şəkildə ortaya qoydu və onun məqsədlərini açıqladı.
“Bütün iştirakçı tərəflər, xüsusən də Avropa ölkələri kəmərin ötürücülük qabiliyyətinin artırılmasına sərmayə qoymalıdır”
Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, ölkə başçısının Azərbaycanın neft strategiyası ilə bağlı səsləndirdiyi fikirlər tamamilə reallığı əks etdirir: “Bəli, Azərbaycanın qaz bazarında heç vaxt Rusiya ilə rəqabət aparmaq məqsədi olmayıb. Nə indi, nə də bundan sonra belə bir məsələ prioritet deyil. Ən azından ona görə ki, iki ölkənin qaz eytiyatları arasında kəskin fərq var. Çünki Rusiya Azərbaycanla müqayisəolunmaz dərəcədə böyük qaz ehtiyatlarına malikdir. Rusiya təkcə Avropa İttifaqı ölkələrinə 2021-ci ildə 155 milyard kubmetr qaz ixrac edib. Nəzərə almalıyıq ki, Rusiya yalnız Aİ ölkələrinə deyil, digər dövlətlərə də qaz ixrac edir. O zaman Rusiyada qaz hasilatının necə böyük olduğu bir daha ortaya çıxır. Başqa bir tərəfdən dünya bazarında qaza tələbat böyük olduğu və hər il artdığı üçün rəqabətə ehtiyac da yoxdur. Üstəlik, Rusiya əsasən Mərkəzi və Şimali Avropa ölkələrinə qaz ixrac edir. Azərbaycan isə Cənubi Avropa və Balkan ölkələrinə qaz ixrac edir. Digər tərəfdən, Azərbaycanın qaz ixracını artırması üçün yeni kəmərlərin inşasına ehtiyac yoxdur. Bu, böyük xərc və vaxt tələb edən məsələdir. O baxımdan Cənub Qaz Dəhlizinin seqmentləri olan TANAP və TAP-ın ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bunun üçün yeni və böyük kompressor stansiyaları tikilməlidir ki, sözügedən kəmərlərlə daha çox qaz ötürmək mümkün olsun. Bu işdə də bütün yükü Azərbaycanın üzərinə qoymaq olmaz. Bütün iştirakçı tərəflər, xüsusən də Avropa ölkələri kəmərin ötürücülük qabiliyyətinin artırılmasına sərmayə qoymalıdır”.
Professor hesab edir ki, yalnız bütün bunlardan sonra Avropaya qaz ixracının həcmini artırmaq olar.
Vidadi ORDAHALLI